Messnerin cəzalandırdığı Tağızadə 294 gün gözlədi
02.03.2009 - 13:27
Messnerin cəzalandırdığı Tağızadə 294 gün gözlədi
Bakının “Neftçi” klubunun kapitanı Zaur Tağızadə cari mövsümdə ilk dəfə meydana çıxıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Premyer Liqanın son turunda “Qəbələ” ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun (0:0) 68-ci dəqiqəsində braziliyalı komanda yoldaşı Joze Karlosu əvəzləyib.

Səhhətində problemi olan Tağızadə sonuncu dəfə 217 gün öncə rəsmi oyunda iştirak edib. Həmin vaxt futbolçu iyulun 26-da İntertoto kubokunun üçüncü mərhələsi çərçivəsində Rumıniyanın “Vaslui” klubu ilə səfərdə keçirilən cavab görüşündə oynayıb. Onun Premyer Liqada sonuncu oyunu isə 294 gündən əvvələ təsadüf edir.

Yarımmüdafiəçi XXIV turda “Xəzər-Lənkəran”la Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə (0:1) forma geyinmişdi Özü də həmin oyunda Tağızadə etdiyi hərəkətə görə sonadək meydanda olmayıb. Belə ki, matçı idarə edən avstriyalı Ştefan Messner “Neftçi”nin kapitanını kobudluğa görə birbaşa qırmızı vərəqə göstərməklə meydandan qovub.

Qeyd edək ki, Tağızadə bir ilə yaxın fasilədən sonra milli komandaya çağırılsa da, sonradan heyətdən kənarlaşdırıldı. Əvvəlcə zədə ilə bağlı problemi olan Zaur sonradan pnevmaniyadan əziyyət çəkdiyi üçün oynamadı. Milli komandamızın baş məşqçisi Berti Foqts futbolçunun ikinci dövrənin ilk iki turunda meydana çıxmadığına görə onu Almaniyadakı təlim-məşq toplanışına aparmamağa qərar verdi.
0