“Vətəndaş müharibəsi üçün “Qalatasaray”ın bayrağını “Fənərbaxça”nın stadionunun ortasına sancmaq kifayətdir”
02.03.2009 - 13:40
“Vətəndaş müharibəsi üçün “Qalatasaray”ın bayrağını “Fənərbaxça”nın stadionunun ortasına sancmaq kifayətdir”
“Türkiyədə vətəndaş müharibəsini 20 saniyəyə necə başlamaq olar? Bunun üçün “Qalatasaray”ın bayrağını “Fənərbaxça”nın stadionunun ortasına sancmaq kifayətdir”. Apasport.az saytının məlumatına görə, bu sözlər ABŞ yığmasının və “Qalatasaray”ın sabiq qapıçısı Bred Fraydelin yazdığı xatirə kitabındandır.

15 illik peşəkar karyerası haqqında kitab yazan futbolçu “Cim Bom”da keçirdiyi günləri də xatırlayıb. 38 yaşlı qapıçı 1996-cı ildə “Qalatasaray” və “Fənərbaxça” arasında baş tutmuş Türkiyə kubokunun final matçı barədə bunları yazıb: “İstanbulda keçirdiyim günləri hələ də unuda bilmirəm. Mədəniyyət, izdiham və səs-küy inanılmazdır. “Fənərbaxça” ilə final oyununda səhər yuxudan durdum. Televizoru açdım və stadionunun 2/3-nin azarkeşlə dolu olduğunu gördüm. “Bu necə çılğınlıqdır” deyə öz-özümə sual verdim”.

Fraydel qeyd edir ki, oyundan sonra az qala vətəndaş müharibəsi başlaya bilərmiş: “Uzatma dəqiqələrində qol vuraraq, qalib gəldik. Stadionda əməlli-başlı qarışıqlıq yarandı. Baş məşqçimiz Qrem Suness bir azarkeşdən “Qalatasaray”ın bayrağını aldı və meydançanın ortasına sancdı. Həmin an tribunalardan gələn uğultu çox dəhşətli idi. Suness ən böyük təxribatı törətmişdi. Qarşılaşmanın ardından avtobusumuz “Fənərbaxça” azarkeşləri tərəfindən düz 3 saat təqib olundu. Ancaq bütün bunlardan zövq aldım. Hər şey möhtəşəm idi”.

Hazırda “Aston Villa”nın formasını geyinən amerikalı qapıçı “Qalatasaray”da 1995/96 mövsümündə çıxış edib.
0