Bernard Lippert: 1 il Azərbaycan milli komandasında
02.03.2009 - 14:00
Bernard Lippert: 1 il Azərbaycan milli komandasında
Son vaxtlar Azərbaycan futbolunun inkişafı məqsədilə AFFA rəhbərliyi tərəfindən bir sıra layihələr həyata keçirilir. Apasport.az saytının məlumatına görə, belə layihələr arasında xüsusilə baş məşqçilərlə bağlı məqamlar diqqət çəkir. Milli komandaların inkişafını reallaşdırmaq üçün assosiasiya rəhbərliyi əcnəbi məşqçiləri ölkəmizə dəvət edib. Bu gün U-19 istisna olmaqla, əsas və digər aşağı yaş qruplarından ibarət yığmalar almaniyalı mütəxəssislərə tapşırılıb. Almaniyalı çalışdırıcılardan ölkəmizə ilk təşrif buyuranı isə Bernard Lippertdir.

Ötən ilin fevralında ölkəmizə dəvət edilən Lippertə U-17 ilə yanaşı, U-21-i də çalışdırmaq həvalə olundu. Bundan başqa, Lippert aşağı yaşlı futbolçulardan ibarət yığmaların koordinatoru - texniki direktor təyin edildi. Bəs görəsən, arxada qalan 1 il ərzində təcrübəli məşqçi hansı işləri görüb?

Əlbəttə, bu suala qısa cavab vermək bir qədər çətindir. Bunun səbəbi məşqçinin reallaşdırdığı işləri sadaladıqca aydınlaşacaq.

Əsas diqqəti U-17-yə yönəldən Lippert komandanın yenidən formalaşması, heyətə daha istedadlı gənclərin cəlb edilməsi, eləcə də onların düzgün şəkildə inkişaf etdirməsi, peşəkar futbolçu kimi püxtələşməsi üçün bir sıra işlər gördü. 2008-ci ilin sentyabrında Polşada keçiriləcək Avropa çempionatının ilkin qrup mərhələsinə hazırlığa martda start verən yeniyetmə futbolçularımız Lippertin rəhbərliyi altında ilk ciddi sınağını ötən il aprelin 2-də rusiyalı həmyaşıdlarına qarşı verdi. Əla oyun sərgiləyən komandamız qələbəni son anda əldən verdi və qarşılaşma 2:2 hesabı ilə yekunlaşdı.

Ancaq 4 gün sonra özbəkistanlı həmyaşıdları ilə üz-üzə gələn komandamız almaniyalı mütəxəssisin rəhbərliyi altında ilk qələbəsini qazandı. Bununla da özünəinamı bərpa edən futbolçularımız həmin ay Almaniyada təşkil olunan təlim-məşq toplanışını da yüksək səviyyədə başa vurdu.

Ümumiyyətlə, Polşaya gedən yolda ardıcıl qələbələri sıralayan gənc futbolçularımız Avstriyada keçirilən “Böyük Avstriya kuboku”nun da qalibi oldu. Əlbəttə, bu turniri super yarış kimi qiymətləndirmək olmaz. Bununla belə, oyunçularımızın beynəlxalq təcrübənin artırılması və ruh yüksəkliyi yaratmaq baxımından böyük əhəmiyyət daşıyırdı.

Lippert işlədiyi dövrdə ölkəmizə ilk dəfə beynəlxalq turnirin qalibi kimi döndü. “Palanqa” turnirində də gücünü sınayan yeniyetmələrimizin növbəti gedəcəyi ünvan Madridin möhtəşəm stadionu - “Santyaqo Bernabeu” oldu. İspaniyaya təlim-məşq toplanışına yollanan U-17 Madrid “Real”ındakı həmyaşıdları ilə də qarşılaşdı. Hətta həmin matçda “Kral klubu”nun o vaxtkı baş məşqçisi Bernd Şuster 4 futbolçumuzun oyununu bəyənərək, onları Madridə dəvət etmişdi.

Şusterlə Lippert arasındakı dostluq münasibətinin xeyrini U-17-i gördü. Yığmamıza təmənnasız bilet hədiyyə edən Şuster Lippertin komandasına Madrid “Real”ının ev oyununu izləməyə şərait yaratdı. Oyundan sonrakı təəssüratlar isə çox böyük idi. Elə bunun cavabını futbolçularımız elit raunda vəsiqə qazanmaqla verdi. Polşada keçirilən yarışda yığmamızın xüsusilə, uşaq futbolunun inkişafında sayılıb-seçilən ölkələrdən sayılan Bolqarıstanı məğlub etməsi böyük rezonans doğurdu. Nizam-intizamlı oyunu ilə diqqəti cəlb edilən U-17-nin bu uğurunda almaniyalı mütəxəssisin rolu danılmazdır. Əlbəttə, yeniyetmə futbolçuların gənc yaşlardan bu cür nizam-intizama alışdırılması gələcəkdə nəticə verəcək.

Əsas vaxtını Bakıda keçirən Bernard Lippert U-17 ilə yanaşı, digər komandaların da oyunlarını mütəmadi izləyir. Məsələn, o, U-19-un Antalya toplanışında keçirdiyi görüşlərə baxmaqla yanaşı, Avropa çempionatının qrup mərhələsində də komandanın yanında idi. U-21-in baş məşqçisi vəzifəsini də icra edən Lippert 7 ildən sonra bu yığma ilə səfərdə növbəti xalını qazandı. Almaniyalı U-21-i cəmi 3 oyuna çıxarıb və bu matçlarda iki xal toplayıb.

Bernard Lippertin köməkliyi ilə bir sıra xarici klublar və assosiasiyalar arasında əməkdaşlıq yaradıldı. Nəticədə futbolçularımız təcrübə toplamaq üçün həmin klubların düşərgəsinə yollandılar. Emin Mehdiyevlə Andrey Popoviçin “Ayntraxt”a getməsi bu əməkdaşlığın əyani göstəricisidir. Onun baş katib Elxan Məmmədovla İspaniyada bu ölkənin futbol federasiyasının rəhbərliyi ilə aparılan danışıqlarda iştirak etməsi də çox mətləblərdən xəbər verir. Lippertin dünyanın bir çox məşhur klublarla yaxşı ünsiyyət qurmaqda etdiyi böyük köməyi də unutmaq olmaz. Bundan başqa, ölkəmizə bir çox klub nümayəndələrinin səfərində də onun xüsusi rolu var.

Ötən dövr ərzində Lippert həm də seleksiya işlərinə kifayət qədər vaxt ayırmağı bacarıb. Əvvəlcə, Ukraynada bir neçə azərbaycanlı futbolçunu iş başında izləyən baş məşqçi Rusiyadakı futbol məktəblərində hazırlaşan həmyerlilərimizi də yaddan çıxarmayıb. Namizədləri məşq prosesində izləyən və bundan sonra qərar verən mütəxəssis Azərbaycanın bölgələrinə də səfər edib. Ümumiyyətlə, istedadlı azərbaycanlının yığmadan kənarda qalmasına göz yummayıb. Yeniyetmə futbolçular arasında təşkil edilən turnirləri yaxından izləyən və axtarışlarını davam etdirən, səmimiliyi və mədəniyyəti ilə seçilən almaniyalı məşqçi yığmamızın yaxın vaxtlarda nəticə qazanacağına ümid edir.
0