“Məni “Neftçi”nin baş məşqçisi postunda görmək istəyənlərə minnətdaram”
02.03.2009 - 16:00
“Məni “Neftçi”nin baş məşqçisi postunda görmək istəyənlərə minnətdaram”
“Əgər azarkeşlər məni yenidən “Neftçi”nin baş məşqçisi postunda görmək istəyirlərsə, onlara minnətdaram”. Bunu apasport.az saytına açıqlamasında Ağasəlim Mircavadov deyib.

Ölkə çempionatının XVI turunda “Qəbələ” ilə Respublika stadionunda keçirilən görüşdə (0:0) yenə qələbə üzünə həsrət qalan “Neftçi” komandasının azarkeşləri Mircavadovu səsləyib ki, 62 yaşlı məşqçi belə münasibəti təsadüfi saymır: “Neftçi”də işlədiyimiz müddətdə köməkçi məşqçilərlə birgə vicdanla çalışmışıq. Bu müddətdə həm nailiyyətlərimiz olub, həm də yaxşı oyun. Çempionlar Liqasında keçirdiyimiz 4 oyundan 3-də qalib gəlmişik. Özü də bu turnirdə Belçikanın “Anderlext” klubuna top fərqi ilə uduzmuşuq. Azərbaycan klubları “Birlik kuboku”nda ilk dəfə finala bizim vaxtımızda çıxıb. “Neftçi” ilə iki il ardıcıl finala yüksəldik və ilk dəfə “Birlik kuboku”nun qalibi olduq. Görünür, azarkeşlər bütün bunları unutmayıb”.

Mircavadov milli çempionatlar tarixində ən zəif mövsümünü keçirən dörd qat Azərbaycan çempionun halına acıyıb: “Cari mövsümdə çox zəif oynayan “Neftçi”nin ikinci dövrədə “Qarabağ”la kubok matçını izlədim. Bilirsiniz, hazırkı komandada qələbə ruhu yoxdur. Heç nədən qol yaratmaq, qələbə istəyi, liderlik kimi keyfiyyətləri görmədim. İndiki “Neftçi”də lider yoxdur ki, o, komandanı arxasınca daşısın və oyundaşları da onun dediklərinə qulaq assınlar”.

Vaxtilə milli komandamızı da çalışdırmış təcrübəli mütəxəssisin sözlərinə görə, yenidən “Neftçi”nin baş məşqçisi olmaq haqda fikirləşmir: “İnanın ki, bu haqda heç düşünməmişəm də. “Neftçi”nin baş məşqçisi var və klub rəhbərliyi də ona inanır, güvənir. Alman həmkarım işlədiyi vaxtda, onun yerinə göz dikməyim düzgün çıxmazdı. Hər bir adamın ürəyindən çox şey keçir. Mən isə danışmaqdan çox işləməyə üstünlük verirəm. Hər bir məşqçi çalışmaq istəyir. Əvvəl-axır bir yerdə işləməliyik, ya yox. Ancaq dediyim kimi, “Neftçi”nin sükanı arxasına keçmək haqda fikirləşmirəm. Sakitcə, baş verənləri izləyirəm”.

Qeyd edək ki, ötən ilin yayında “Xəzər-Lənkəran”ın baş məşqçi postundan istefa verən Mircavadov “Neftçi”ni hələ SSRİ dövründə də çalışdırıb.
0