Ağasəlim Mircavadov Valentin Xodukinə irad tutdu
02.03.2009 - 16:48
Ağasəlim Mircavadov Valentin Xodukinə irad tutdu
“Çempionat və kubok oyunlarını çox az izləyirəm. Şəxsi işlərimlə əlaqədar vaxtım azdır. Ancaq son turda “İnter” - “Bakı” matçını izləmək üçün stadiona gedə bildim. Deyim ki, həmin gün meydana daha çox mübarizlik vardı”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Premyer Liqanın son turunun “İnter” – “Bakı” görüşünü (0:1) “Şəfa” stadionunda izləyən təcrübəli mütəxəssis çempionluğa iddialı komandaların göstərdiyi oyundan razı qalmayıb: “Oyunun səviyyəsi aşağı idi. Görünür, heç kim səhv, risk etmək istəmirdi. Matçı izləməyə gedəndə baxımlı, sürətli oyun olacağını gözləyirdim. Ancaq heç bir komandanın meydanda pressinq etdiyini görmədim. Yəqin ki, bu da risk etməməklə bağlı idi. “Bakı” qış fasiləsində yaxşı transferlər reallaşdırıb və nəsə alınmalı idi. Ancaq fikrimcə, həmin ifaçılarla oyunun səviyyəsi hələ istənilən səviyyədə deyil. Düzdür, hər bir baş məşqçinin öz oyun sistemi, taktikası var və belə vacib oyunlarda nəticə önəmli olur. Ancaq futbol azarkeşlər üçün oynanılır və onları da nəzərə almaq lazımdır”.

“İnter”in Premyer Liqada 321 gün davam edən məğlubiyyətsiz oyunlar seriyasına məhz “Bakı” son qoydu. Buna qədər isə “bankirlər”i daxili yarışlarda sonuncu dəfə üstələyən Mircavadovun çalışdırdığı “Xəzər-Lənkəran” olub. 62 yaşlı mütəxəssis əvvəl Premyer Liqada (3:1), daha sonda ölkə kubokunun finalında (2:0) rəqibini iki top fərqi ilə yenib: “Deməzdim ki, “İnter”in məğlubiyyəti gözlənilməz oldu. Hər halda, hazırkı “Bakı” xeyli güclənib. Ancaq çempionatın başa çatmasına hələ 10 tur qalıb. Ən əsası, onu nəzərə almaq lazımdır ki, “İnter”lə “Bakı”nın qarşıda kubok görüşləri var. Hesab edirəm ki, komandalar nəticə ilə yanaşı, oyun səviyyəsini də nəzər almalı, bu iki komponentin bərabər olmasına çalışmalıdır. Bir şeyi də qeyd etmək lazımdır ki, “İnter” – “Bakı” oyununda əsas heyətdə cəmi 4 yerli futbolçu meydanda çıxmışdı. Bu isə heç də yaxşı hal deyil”.

“İnter”in baş məşqçisi Valentin Xodukin “Bakı” ilə oyundan sonra makedoniyalı həmkarı Qyoko Hacıyevskini qələbə yox, 3 xal qazanmaq münasibəti ilə təbrik etdi. Yəni onun sözlərindən belə çıxırdı ki, digər paytaxt təmsilçisi həmin gün göstərdiyi oyuna görə qələbəyə layiq deyildi. Ukraynalı həmkarının bu fikri ilə razılaşmayan Mircavadov “qalibi mühakimə etmirlər” fikrinə qəbul edir: “Ola bilsin ki, matç heç-heçə başa çatardı. Ancaq həmin gün “Bakı” meydanı qalib tərk etdi. Komanda uduzubsa, bunun səbəblərini araşdırmaq lazımdır. Yoxsa, Xodukinin həmkarının ünvanına belə sözlər deməsini düzgün saymıram. Həmkar həmkara hörmət etməlidir. Ona qalsa, “Standard” “İnter”lə görüşdə yaxşı oynayaraq, çoxlu qol imkanları olsa da, bundan istifadə edə bilmədi. Bəs onda “Standard”ın gürcü baş məşqçisi Badri Kvaratsxeliya Xodukinə nə deməli idi?”
0