“Muğan”ın vitse-prezidenti: Baş məşqçi əcnəbi də ola bilər, Nadir Qasımov da
02.03.2009 - 17:33
“Muğan”ın vitse-prezidenti: Baş məşqçi əcnəbi də ola bilər, Nadir Qasımov da
“Komandamızın baş məşqçi məsələsinə bu həftə aydınlıq gələcək. Agentlərin bununla axtarışları davam edir və müxtəlif təkliflər müzakirə edilir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Şirəliyev bildirib ki, əcnəbi məşqçilər haqda tam informasiya toplamaq istəyirlər: “Bu yöndə çalışan agentlərdən cavab gözləyirik. Seçimimiz dolğun məlumatları əldə edəndən sonra edilə bilər”.

Vladislav Qədirovun istefaya göndərilməsindən sonra “Muğan”da baş məşqçi əvəzi olan Nadir Qasımovun debütü uğurlu oldu. Belə ki, Salyan təmsilçisi son turda “Turan”ı məğlub etməklə (2:1), Premyer Liqada qalmaq uğrunda mübarizədə işini xeyli yaxşılaşdırdı. Elə vitse-prezident də Qasımovun baş məşqçi təyin edilməsi variantını istisna etmir: “Ola bilər ki, baş məşqçi postunu sonda elə bu mütəxəssisə tapşıraq. Hər halda, Qasımov komandanın içindədir və onun təyinatı bizim üçün də sərfəli olardı. Ancaq əcnəbi məşqçi ilə bağlı iş gedir və həftəsonuna qədər məsələyə tam aydınlıq gələcək”.
0