“İnter”ə ayrılan pullara daha səviyyəli komanda yaratmaq olar”
03.03.2009 - 00:02
“İnter”ə ayrılan pullara daha səviyyəli komanda yaratmaq olar”
“Bakı” klubunun gürcüstanlı hücumçusu Georgi Demetradzenin müsahibəsi

- Premyer Liqanın son turunda “İnter”lə matçda meydana çıxmadınız. Bunun səbəbi nədir?
- Hər şeyin öz vaxtı var. Antalyada zədələndiyim üçün 3 həftə məşq edə bilmədim. İndi özümə gəlmişəm. Lənkəranda oynayandan sonra baş məşqçimiz Qyoko Hacıyevski dedi ki, bir az dincəl. Darıxmıram, oynayaram da.

- Ölkə kubokunun 1/4 finalının ilk oyununda səfərdə “Xəzər-Lənkəran”a qalib gəldiniz. Lənkəranda qələbə qazanmaq çox çətindir. Həmin qarşılaşmada öz oyunundan və komandadan razı qaldınız?
- Doğrudan da, oradan qələbə ilə dönmək çətindir. "Xəzər-Lənkəran" Azərbaycanın ən güclü klublarından biridir. Qələbəni asan qazanmadıq. Azərbaycana gələndən ilk dəfə idi ki, dolu tribunalar önündə oyuna çıxırdım. Bir az da həyəcanlı idim. Dövrələrarası fasilədən sonra ilk oyunum olduğu üçün çıxışımdan razı qaldım. Formaya düşməyimə az qalıb. İki-üç oyundan sonra əvvəlki Demetradze olacağam.

- Amma "İnter"i məğlub etdikdən sonra yaman sevinirdiniz...
- Bu qələbəni gözləyirdim. "İnter"in gücünü çox şişirtmişdilər. Hərçənd, Azərbaycanda ondan da güclü komandalar var. "Xəzər-Lənkəran"ı "İnter"dən güclü sayıram. "Bakı" isə Premyer Liqanın ən güclüsüdür. Birinci hissədə 2-3 qol vura bilərdik. Fasilədən sonra "İnter" təzyiqi artırsa da, heç nə edə bilmədi. Yaxşı pulları olan klubdur. Amma o səviyyədə komanda deyillər. Legionerlərdən bəyəndiyim Andrey Rubin oldu. Latviyalı yarımmüdafiəçi bizi çox incitdi. İnanın mənə, "İnter"dəki pula daha səviyyəli komanda yaratmaq olar.

- Nəhayət, birinci pilləni onların əlindən aldınız.
- "İnter"i udmağımız təsadüfi deyildi. Ondan əvvəl "Neftçi" və "Xəzər-Lənkəran"a da qalib gəldik. Komandamızda o güc olmasaydı, bir həftədə 3 əsas rəqibini məğlub edə bilməzdi. Çempionluq və kubok - bunları qazanmalıyıq. Yolumuz artıq açıqdır. "İnter"i də, bizi də qarşıda çətin oyunlar gözləyir.

- Əsas heyətə düşməyiniz çətinləşib. Komandaya yeni oyunçular gəlib. Nə vaxtadək ehtiyatda qalacaqsan?
- Bu, baş məşqçidən asılıdır. Hacıyevski nə vaxt məsləhət bilsə, oynayacağam. Onun seçim üçün futbolçuları çoxdur. Mən hücumçuyam, lazım gəlsə, yarımmüdafiədə də oynayaram. Bizdə ayrı-seçkilik yoxdur. Kim hazırdırsa, o da meydana çıxır.

- Yarımmüdafiə xəttində də rəqabət böyükdür. Amiran Muciri ilə Georgi Adamiyanı da bura əlavə etməliyik.
- Hər ikisi yaxın dostumdur. Hacıyevski onları əsasən cinahlarda oynadır, mən isə yarımmüdafiənin mərkəzində özümü yaxşı hiss edirəm. Heç vaxt rəqabətdən qorxmamışam. İspaniyada "Real Sosyedad", Ukraynada "Dinamo" kimi klublarda oynamışam. Onları "Bakı" ilə müqayisə etmək tezdir. Bizim komandamız yeni-yeni inkişaf edir, yaxşı futbolçular alır. Burada çempionat da maraqlı keçir. Hacıyevskinin üslubu elədir ki, hücum və atletik futbola üstünlük verir. Mənə də bu rahatdır, çünki komanda hücuma keçəndə nə edəcəyimi bilirəm. Mahmud Qurbanov, Adamiya və Muciri kimi yarımmüdafiəçilərlə oynamaq asandır. Onlar ötürmə verir, sən də vurursan.

- Ukrayna mətbuatı son vaxtlar sizi çox tənqid edir. Yazırlar ki, Demetradzenin potensialı tükənib. Bunları eşidəndə nə fikirləşirsiniz?
- Yazsınlar da... Ukraynalı jurnalistləri yaxşı tanıyıram. "Dinamo"da olanda da istədiklərini deyirdilər. Mən futbol oynamağa indi başlamışam. "Bakı" ilə 2 illik müqaviləm var. Özümə söz vermişəm ki, çoxlu qol vuracağam. Onda kimsə danışmayacaq. Yersiz tənqidlərdən istənilən adam bezir. Daha vecimə almıram. "Bakı"da özümü sübut etməyənədək futboldan getdi yoxdur.
0