Rəşad Sadıqov Bakıya qayıdır
03.03.2009 - 18:54
Rəşad Sadıqov Bakıya qayıdır
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov “Fənərbaxça” ilə görüşdən sonra vətənə dönəcək. Apasport.az saytının məlumatına görə, “Kocaelispor”da oynayan 27 yaşlı futbolçumuz Superliqada yaranan fasilədən istifadə edərək Bakıya gələcək.

Martın 13-də “Fənərbaxça” ilə “Şükrü Saracoğlu” stadionunda keçiriləcək bu matçdan sonra təxminən 10 günlük fasilə yaranacaq. “Kocaelispor” növbəti görüşünü martın 22-də evdə “Ankaraspor”la keçirəcək. Bu iki matç arasında vaxt fərqi çox olduğundan futbolçulara istirahət veriləcək. Sadıqov da fürsətdən istifadə edərək, üç günlük vətənə, yaxınlarına baş çəkmək fikrindədir.

Rəşadla “Kocaelispor”da bir yerdə çıxış edən Ramal Hüseynovun da ona yol yoldaşı olacağı gözlənilir. Hüseynovdan fərqli, yığmaya çağırılan Sadıqov martda iki dəfə vətənə gələcək. Belə ki, milli komandamız Rusiya ilə səfərdə keçiriləcək rəsmi oyuna hazırlıq məqsədilə martın 23-də, növbəti turun oyunlarından sonra bir araya gələcək və 26-da Moskvaya yollanacaq.

FİFA-nın qaydalarına görə, klub futbolçunu yığmaya rəsmi oyuna 4 sutka qalmış buraxmalıdır. “Kocaelispor” yığmanın oyunları ilə əlaqədar çempionatlarda yaranan fasilədən sonra növbəti matçını aprelin 5-də səfərdə “Ankaragücü” ilə keçirəcək.
0