Klub prezidentinə iki illik həbs cəzası
04.03.2009 - 10:55
Klub prezidentinə iki illik həbs cəzası
İtaliyanın “Latsio” klubunun prezidenti Klaudio Lotito iki illik həbs cəzası alıb. Apasport.az saytının məlumatına görə, buna səbəb onun fond bazarında etdiyi maliyyə fırıldağıdır. Milan məhkəməsinin qərarına əsasən, Lotito 65 min avro məbləğində cərimə də ödəməlidir. Lotito onda günahkar sayılıb ki, 2005-ci ildə qeyri-qanuni olaraq klubun səhmlərinin 14,6 faizini “saxta şəxs” qismində çıxış edən Roberto Metsaromanın vasitəsilə ələ keçirib.

Səhmlərin sənədlərinə əsasən alıcı Metsaroma olsa da, işin gedişində pay Lotitonun əlinə keçib və səhm paketi 30 faizi ötüb. Belə halda, qanuna əsasən sahibkar qiymətli kağızların bir hissəsinin birjaya çıxarmalı olsa da, Lotito bunu etməyib. Onunla bu qanunsuz işdə əlbir olan Metsaroma da təqsirkar sayılıb və il yarımlıq cəzalanıb, 55 min avro məbləğində cərimələnib.

Hər iki iş adamına bir il dövlət xidmətində vəzifə tutmaq qadağan edilib. Ancaq Lotito ilə Metsraomanın həqiqətən də həbsxanaya düşəcəyi o qədər real sayılmır. Məsələ ondadır ki, 2006-cı ildə qəbul olan qanuna əsasən cinayət edənlər (ağır cinayətləri nəzərə almasaq) həmin ilin mayına 2-nə kimi amnistiya olunacaqlar.
0