Berti Foqts yığmamızın Frankfurtda toplanış keçməsinin əsl səbəbini göstərdi
04.03.2009 - 11:12
Berti Foqts yığmamızın Frankfurtda toplanış keçməsinin əsl səbəbini göstərdi
Azərbaycan yığmasının Almaniyada təlim-məşq toplanışı keçməsinin səbəbi açıqlanıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın baş məşqçisi Berti Foqts Frankfurt şəhərinə üstünlük verilməsini belə izah edib: “Burada hazırlıq üçün ideal şərait var. Həm də biz süni örtüklü meydanda məşq edirik ki, bunun üçün uyğun meydança da sərəncamımızdadır”.

Foqts Almaniya Bundesliqasının 22 turundan sonra təhlükəli zonada qərarlaşan “Ayntraxt”la bağlı proqnoz da verib: “Əminəm ki, “Ayntraxt” aşağı dəstəyə düşməyəcək”.

Alman həmkarlarımız Foqtsu Frankfurtla bağlayan başqa məqamlara da toxunublar. Belə ki, 63 yaşlı mütəxəssisin köməkçiləri Olaf Yansen və Uli Ştaynın futbolçu karyeralarında Frankfurt təmsilçisi xüsusi yer tutur. “Ayntraxt”ın sabiq kapitanı olan Yansen karyerasını 4 il çıxış etdiyi bu komandada başa vurub. Uli isə 7 il bu klubun qapıçısı olub.

Milli komandamızın “Kempinski” otelində məskunlaşması da almaniyalıların diqqətindən yayınmayıb. Belə ki, Foqts Almaniya yığmasına rəhbərlik etdiyi vaxtlarda da komandasını burada bir araya gətirirmiş.

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının növbəti seçmə oyununu Moskvanın “Lujniki” stadionunun süni örtüklü meydanında Rusiyaya qarşı keçirəcək.
0