Valentin Xodukin: Faciə insan öləndə olur, xal itirəndə yox
05.03.2009 - 12:10
Valentin Xodukin: Faciə insan öləndə olur, xal itirəndə yox
“Qəbələ” ilə oyunlarımız həmişə çətin alınır. Bu komanda ciddi rəqibdir”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Azərbaycan Premyer Liqasının XVII turunda Qəbələdə eyni adlı komandanın qonağı olacaq 70 yaşlı mütəxəssis bu matçı çətin sınaq sayır. Xodukini əsas narahat edən Qəbələ şəhərindəki stadionunun durumudur: “Orada meydançanın vəziyyəti bərbaddır. Bu amil komandaların şanslarını bərabərləşdirir. Yəni, belə pis meydanda rəqiblər arasında səviyyə fərqi ciddi hiss olunmur. Güclü komanda öz oyunu nümayiş etdirə bilməyərək, xal itirmək təhlükəsi ilə üzləşir. Əslində, bizimlə oyuna hamı ciddi hazırlaşır. Azərbaycan çempionu ilə görüşdə bütün rəqiblər ikiqat enerji ilə oynayır”.

Ötən tur liderliyi əldən verən Xodukini qayğılandıran digər məqam heyətdəki itkilərdir. Bərpa prosesi keçən bir neçə futbolçunu səfərə apara bilməyən təcrübəli mütəxəssis ötən turda “Bakı”ya uduzduqdan (0:1) sonra yetirmələrini psixoloji hazırlığını qaydasına salmalıdır: “Belə götürəndə problemlər həmişə var. Qəbələyə qələbə dalınca gedirik. Son turdakı məğlubiyyətdən sonra bizə üç xal vacibdir. Ancaq xal itkisindən heç kəs sığortalanmayıb. Əslində, “Bakı” ilə oyunda xal qazanmalı idik. Ancaq bu futboldur, elə oldu ki, rəqibimiz 3 xal əldə etdi. Ardıcıl xal itkimiz olarsa, bunu faciə kimi qələmə verməyi düzgün saymıram. Faciə insan öləndə olur. Futbolda isə xal itkisi faciə deyil”.

Qeyd edək ki, “İnter” “Qəbələ” ilə indiyədək hər üç mövsümdə ilk dövrədəki görüşdə qələbə üzünə həsrət alıb. Ancaq ikinci dövrədəki matçda həmişə qalib olan Xodukinin komandası ötən mövsüm son turda məhz qəbələliləri böyük hesabla məğlub etməklə, (4:0) tarixində ilk çempionluğunu qazandı.
0