Azarkeşlər Rayan Giqqzi Azərbaycanla oyuna çağırırlar
05.03.2009 - 13:30
Azarkeşlər Rayan Giqqzi Azərbaycanla oyuna çağırırlar
“Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Rayan Giqqz Bakıya gələ bilər. Apasport.az saytının məlumatına görə, uelsli azarkeşlər 36 yaşlı əfsanəvi futbolçunun yenidən milli komandada oynamasını istəyirlər.

Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində qarşıdakı ev oyununu iyunun 6-da məhz Uelsə qarşı keçirəcək. Məsələyə qarışan Uels yığmasının əfsanəsi Miki Tomas hesab edir ki, Giqqzi komandanın sıralarına qayıtmağa səsləyən çoxsaylı azarkeşləri dəstəkləmək lazımdır. Üstəlik, hazırda millinin lideri Kreyq Bellami qarşıdakı görüşlərdə zədə səbəbindən oynaya bilməyəcək. Elə bunu da nəzərə alan Tomas Uels yığmasının baş məşqçisi Con Toşaka müraciət edib: “O, Giqqzin beynəlxalq karyerasını bərpa etməsini xahiş etməlidir. Rayan indi daha yaxşı oynayır, nəinki iki il əvvəl. Ola bilsin ki, onun üçün düzgün variant Pol Skoulz kimi yığmada oynamaqdan imtina etməmək idi. Giqqz bunun əvəzinə beynəlxalq karyerasına hansısa müddətə dayandıra bilərdi”.

Qeyd edək ki, indiyədək bəzi futbolçular yığmada çıxışını başa vursalar da, sonradan milliyə kömək etmək lazım olanda qayıdıblar. İndiyədək yığmamıza qarşı elə Bakıda da oynamış Giqqz 2005-ci ilin oktyabrında Kardiffin məşhur “Millenium” stadionunda keçirilən rəsmi matçda (2:0) qapımıza vurulan hər iki qolun müəllifi olub.
0