Samir Əliyev: Hakimi ona görə söydüm ki...
05.03.2009 - 19:05
Samir Əliyev: Hakimi ona görə söydüm ki...
“Mən əsas komandanın futbolçusuyam. Əvəzedici heyətə məcburi göndərilməmişəm. Sadəcə, zədədən sonra oyun praktikası qazanmaq üçün ikinci komandada yer aldım”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun hücumçusu Samir Əliyev deyib.

Azərbaycan Premyer Liqa klublarının əvəzedici komandalarının çempionatında iştirak edən 30 yaşlı futbolçu “Bakı” ilə görüşdə hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında iki oyunluq cəzalandırılan və 1000 manatlıq cəriməyə məruz qalan Samir haqqında çıxarılan qərarı normal qarşılayıb: “İntizam Komitəsinin işi qırmızı vərəqə alan futbolçuların məsələsinə baxıb, qərar çıxarmaqdır. Hakimi təhqir etdiyim üçün cəzalanmışam. Qanuna tabe olmalıyıq. Sadəcə, hesab edirəm ki, hakim söyülməli idi. Əvəzedici komandada təcrübəli futbolçu mən idim, qalanları gənc oyunçulardır. Hakim də çıxardığı qərarlarla matçın tempini öldürür, oynamağa imkan vermirdi. Ondan soruşdum ki, məgər futbol qız oyunudur? Hakim də cavabında “hə, qız oyunudur” dedi və mən də bundan sonra onu söydüm. Nəticədə qırmızı vərəqə alaraq, meydandan çıxarıldım”.

Aldığı cəza Premyer Liqa və kuboka şamil edilmədiyi üçün Əliyev qarşıdakı iki oyunda – “Simurq”la səfər matçında və “Qarabağ”la ölkə kubokunun cavab görüşündə əsas komandaya kömək edə biləcək. O, “Neftçi”nin əsas heyətinə düşəcəyi ilə bağlı nikbin fikirdədir: “Əlbəttə, bu, çətin olacaq. Ancaq hər halda, həyatda asan iş yoxdur. Zaqatalaya komanda ilə yollanacağam. “Simurq”la oyunda 18 nəfərlik iştirak ərizəsində yer alacağam. Yavaş-yavaş düzəlirəm. Hazırda ayağımda ağrılar yoxdur. Mənə şans versələr, qol vurmağa çalışacağam”.

Qeyd edək ki, “Neftçi”nin əvəzediciləri “Bakı” ilə oyunda qolsuz heç-heçə (0:0) etməklə liderliyə yüksəlmək şansını əldən verib.
0