“Turan”ı gözləyən təhlükə
06.03.2009 - 13:00
“Turan”ı gözləyən təhlükə
Tovuzun “Turan” klubunun 308 günlük qələbə həsrəti var. Apasport.az saytının məlumatına görə, 1994-cü ildə Azərbaycan çempionluğunu qazanmaqla, avrokuboklarda ilk təmsilçimiz olan komanda bir ilə yaxındır qalib gələ bilmir.

Qərb təmsilçisi sonuncu dəfə ötən ilin mayın 3-də, XXIII turda öz meydanında “Qəbələ”ni üstələyib – 4:2. Səs-küyə səbəb olan həmin qələbə tovuzluların güclülər dəstəsində yerini qorumasında böyük rol oynadı. “Neftçi” və “Qarabağ” kimi, bütün milli çempionatlarımızda iştirak edən “Turan” rəqiblərindən fərqli, cari mövsümdə də Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Ancaq bu dəfə işi daha çətin olan komanda turnir cədvəlində sonuncu yerdədir.

Premyer Liqanı üç klubun tərk edəcəyini, 11-ci yerin sahibinin isə birinci divizionda 2-ci yeri tutan komanda ilə pley-off oyunlarında iştirak edəcəyini nəzərə alsaq, “Turan”ı ilk dəfə birinci diviziona düşməklə bağlı böyük təhlükə gözləyir. Bu mənada tovuzlular turnir cədvəlində onu bir pillə qabaqladığı MOİK-i öz meydanında yenməyə borcludur. Hər halda, sonuncu pilləni rəqibinə təhvil vermək üçün bundan yaxşı fürsət ələ düşməyəcək. Üstəlik, “Bakılı” ilə “Muğan”ın müvafiq olaraq, “Olimpik” və “Xəzər-Lənkəran”la görüşlərdə qələbə qazanmasının çətin olacağını nəzərə alsaq, “Turan”ın qalibiyyəti ilə 11-ci yer uğrunda mübarizəni daha da qızışdıracaq.

Qeyd edək ki, “Turan” cari mövsümdə Premyer Liqada qələbə qazanmayan yeganə komandadır. Tovuzlular “Qəbələ” ilə ölkə kuboku uğrunda oyunlarda da məğlubiyyətləri sıraladı. Bu kubok matçları, ötən mövsümdən qalan üç oyunu da nəzərə alsaq, “Turan” artıq 21 görüşdür qələbə qazanmır. Bu, fevralın 13-də 17 yaşı olan komandanın tarixində antirekorddur.
0