Şakiri: Hacıyevskini məğlub etsək, buna sevinərəm
06.03.2009 - 13:07
Şakiri: Hacıyevskini məğlub etsək, buna sevinərəm
“Komandamızın qələbəyə ehtiyacı var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Artim Şakiri deyib.

Premyer Liqanın XVII turunda “Bakı” ilə səfərdəki qarşılaşma yarımmüdafiəçi üçün xüsusi önəm kəsb edir. Belə ki, bir vaxtlar Artimin çıxış etdiyi Makedoniya yığması və “Vardar”da baş məşqçisi olan Qyoko Hacıyevski paytaxtın eyni adlı təmsilçisinə rəhbərlik edir.

“Qarabağ”ın rəsmi internet saytına açıqlamasında Şakiri rəqibi olan həmyerlisi ilə münasibətlərinə toxunub: “Onunla həyatda da yaxın dostuq. “Bakı”nın çalışdırıcısı əla insandır. Lakin mən peşəkaram. Hacıyevskinin komandasını məğlub etsək, buna sevinərəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam ki, “Qarabağ” qələbə qazansın. İlk dövrədəki məğlubiyyətin əvəzini çıxmalıyıq”.

“Vardar”da çıxış etmiş digər “Qarabağ”lı Zəkəriyyə Ramazani isə qələbə qazanacaqlarına əmindir: “Hacıyevski ilə birgə çalışdığımdan onun məşqçi psixologiyasına bələdəm. Bir müdafiəçi kimi çalışacağam ki, hücumçulara keçid verməyim. Ürəyimə damıb ki, bu oyunda qələbə qazanacağıq”.

“Bakı”ya ilk və yeganə çempionluğunu qazandıran matçdakı qola imza atan Emin İmaməliyev rəqib qapısına yol tapmaq haqda düşünür: “Sonuncu matçda xal itkisindən sonra “Bakı” ilə oyunda qalibiyyət şərt oldu. Belə oyunlara köklənməyi daha yaxşı bacarıram. Çalışacağam qol vurum. “Bakı”nı udacaq gücdəyik. Sübut etmişik ki, iddialı komandalara qarşı daha yaxşı oynayırıq”.
0