“Ayntraxt”la oyunda Azərbaycan yığmasına qol vuran futbolçu kamerunlu imiş
06.03.2009 - 14:08
“Ayntraxt”la oyunda Azərbaycan yığmasına qol vuran futbolçu kamerunlu imiş
Frankfurt şəhərində baş tutan yoldaşlıq görüşündə Azərbaycan yığmasının qapısına qol vuran futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milli komandamızın martın 3-də “Ayntraxt”la oyun keçirməsi haqda xəbər gec də olsa, Almaniya mətbuatında öz əksini tapıb.

Həmkarlarımız matçın qapalı keçirildiyini vurğulayıb: “Azərbaycan yığması Rusiya ilə dünya çempionatının seçmə oyununa Frankfurtda hazırlaşır. Onlar çərşənbə axşamı “Kommersbank-arena” stadionunu arxasında yerləşən süni örtüklü meydanda “Ayntraxt”la yoxlama oyunu keçirib. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun xahişi ilə matçda yalnız komandaların nümayəndələri olub. Frankfurt təmsilçisi Leonard Kveukenin vurduğu yeganə qolla qələbə qazanıb”.

Yayda 22 yaşını tamamlayan Leonard “Ayntraxt”ın 9 nömrəli formasını daşıyır. Karyerasını vətənində başlayan kamerunlu hücumçu “İnter Star”, “Sintra” və “İmpots”da forma geyinib. Sonradan İranın “İstiqlal” və “Stil Azin”, Slovakiyanın “Dunayska Ştreda” klublarında oynayan Kveuke Kamerunun 18 və 20 yaşlılardan ibarət komandalarında da oynayıb.

Bu ilin yanvarında slovakiyalıların yarım illik “Ayntraxt”a icarəyə verdiyi futbolçu Bundesliqada artıq 4 matça çıxıb. “Herta”, “Köln”, “Volfsburq” və “Şalke-04”ə qarşı oynayan kamerunlu rəsmi matçlarda qol hesabını aça bilməyərək, Almaniya mətbuatından orta hesabla 4,17 qiyməti alıb.

www.fnp.de
0