“Qalatasaray” baş məşqçiyə 1,5 milyon dollar mükafat vəd etdi
06.03.2009 - 14:20
“Qalatasaray” baş məşqçiyə 1,5 milyon dollar mükafat vəd etdi
“Qalatasaray” rəhbərliyi yeni baş məşqçi Bülənt Korkmaza böyük mükafat vəd edib. Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis Superliqada çempionluğun müqabilində 500 min, UEFA kubokunu qazanacağı halda, 1 milyon dollar mükafat alacaq.

Klub prezidenti Adnan Polat mövsümün sonuna 13 tur qalmış liderdən 8 xal geridə ikən baş məşqçi postuna gətirdiyi Korkmaza çox güvənir. Onunla müqavilədə də çempionluğu qazanacağı halda, yarım milyon dollar mükafat alacağı ilə bağlı xüsusi maddə var. Polatın yeni çalışdırıcıya səxavəti təsadüfi deyil. Məsələ ondadır ki, “Qalatasaray” çempion olacağı halda, Çempionlar Liqasının qrup mərhələsinə birbaşa qatılaraq, ən azı 13 milyon avro qazanacaq.

“Cim Bom”un UEFA kubokunu hədəfə alması prinsipial məqamla bağlıdır. Axı bu ilin mayın 20-də final oyunu prinsipial rəqibi olan “Fənərbaxça”nın stadionu “Şükrü Saracoğlu”da keçiriləcək. Əgər Korkmaz finala çıxıb, kuboku qazanmazsa, onda 500 min dollar mükafat qazanacaq.

Yeri gəlmişkən, “Fənərbaxça”nın ispan çalışdırıcısı Luis Araqones bir ildə 3 milyon, “Beşiktaş”ın baş məşqçisi Mustafa Dənizli 1,5 milyon avro qazanır.

Qeyd edək ki, “Qalatasaray” 2000-ci ildə UEFA kubokunu qazananda futbolçularının hər birinə orta hesabla 400 min dollar mükafat ödəmişdi.
0