Milli komandamızın futbolçusu baş məşqçini söydü
06.03.2009 - 17:04
Milli komandamızın futbolçusu baş məşqçini söydü
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç Belqradın “Srvena Zvezda” klubunun baş məşqçisi Çedomir Yanevski ilə dalaşıb. Bu haqda apasport.az saytına serbiyalı futbolçunun özü məlumat verib.

Milli komandamızın 27 yaşlı hücumçusu bildirib ki, klub karyerasında ciddi problemləri yaranıb. Çexiyalı məşqçi Zdenek Zemanın dövründə Belqrad təmsilçisinə transfer olunan Subaşiçin fikrincə, Yanevski komandaya gələndən sonra “qara günlər”i başlayıb: “Hazırda işlərim elə də yaxşı deyil. Baş məşqçi Çedomir Yanevski ilə ciddi problemim var. Onunla söyüşdük. “Srvena Zvezda”dan getmək istəsəm də, məni buraxmadılar. OFK və “Çukariçki” klublarından birinə keçmək variantı olsa da, bunların heç biri baş tutmadı. Həmin komandalarla razılığa gəlinmədi. Buna görə də “Srvena Zvezda”da qalası oldum”.

Komanda ilə məşqlərini davam etdirən Subaşiç başqa kluba keçmək arzusunun üstündən xətt çəkməyib: “Burada maliyyə böhranı hökm sürür. Klubun mənə borcu var. Hələ ki gözləyirəm, görək axırı necə olacaq. Serbiyada mövsümün ikinci yarısında cəmi bir tur arxada qalıb. “Srvena Zvezda”nın əvəzedici komandasında oynamaq söhbəti olmayıb. Olsa belə, orada çıxış etmək fikrim yoxdur”.

Qeyd edək ki, ötən yay “Neftçi”dən “Srvena Zvezda”ya keçən Subaşiçin belqradlılarla hələ 2,5 illik müqaviləsi var.
0