Branimir Subaşiç: Özümüzü toparlayıb Rusiyadan xalla qayıtmalıyıq
06.03.2009 - 17:53
Branimir Subaşiç: Özümüzü toparlayıb Rusiyadan xalla qayıtmalıyıq
“Milli komandamızın Almaniyadakı hazırlıq prosesinə qatıldım. Hesab edirəm ki, Frankfurt şəhərindəki təlim-məşq toplanışını səmərəli alındı”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç deyib.

Serbiyanın “Srvena Zvezda” klubunda heyətə düşə bilməyən Subaşiç üçün milli komandanın hazırlığı yerinə düşdü. Artıq xeyli vaxtdır oyun praktikası sarıdan korluq çəkən serb futbolçu “Ayntraxt”la yoxlama oyununda (0:1) meydana çıxmamağına aydınlıq gətirib: “Doğrudan da həmin matçda oynamadım. Bu, xəstə olmağımla bağlı idi. Soyuqladığımdan hərarətim 39 dərəcəyə yüksəlmişdi. Belə vəziyyətdə oynaya bilməzdim. Ancaq məşqlərdə iştirak etdim”.

Komandamızın Almaniyadakı toplanışı martın 28-də Rusiya yığması ilə Moskvada keçiriləcək rəsmi oyuna hazırlığın son mərhələlərindən biridir. Millinin əsas qol ümidlərindən olan Subaşiçin klub karyerasında probleminin yaranması baş məşqçi Berti Foqtsu qayğılandırmalıdır: “Düzü, Foqtsla klub karyeramla bağlı söhbətim olmadı. Serbiyada mövsümün ikinci yarısı yeni başlayıb. Rusiya ilə oyuna hələ vaxt var. Oynamasam da, hazırlığıma fikir verirəm, məşqlərdə iştirak edirəm. Milli komandamızın martın 16-dan 19-dək Bakıda təlim-məşq toplanışı olacaq. Həmin hazırlıq prosesinə qatılmaq fikrindəyəm”.

Branimir yığmamızın düşərgəsində olan ab-havadan razı qalıb: “Millidə yaxşı atmosfer hökm sürürdü. Futbolçular həvəslə çalışırdılar. Rusiya ilə oyun öncəsi özümüzü toparlamalıyıq. Artıq təkcə oyunla kifayətlənməyib, nəticə qazanmaq haqda da düşünməliyik. Moskvada xal qazanmağa çalışmalıyıq. Bunun reallaşması meydana çıxacaq heyətdən də asılı olacaq. Rusiyaya qarşı hansı heyətin oynayacağını deyə bilmərəm”.

Qeyd edək ki, Rusiya - Azərbaycan oyunu “Lujniki” stadionunda Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
0