Hacıyevski: “Qarabağ” bizə sürpriz etmək istəyir
06.03.2009 - 18:59
Hacıyevski: “Qarabağ” bizə sürpriz etmək istəyir
“Oyuna yaxşı hazırlaşmışıq. Sabah meydana növbəti qələbəmizi qazanmaq üçün çıxacağıq”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Premyer Liqanın ötən turunda “Şəfa” stadionunda “İnter” üzərində qazandığı qələbə (1:0) ilə liderliyə yüksələn 54 yaşlı makedoniyalı mütəxəssis “Qarabağ”la sabahkı görüşdə zirvəni əldən vermək istəmir: “Qarabağ” o vaxt təhlükəli rəqib ola bilər ki, biz oyunda konsentrasiyanı itirək. Ancaq biz əvvəldən sonadək diqqətli olacağıq. Buna görə də “Qarabağ”la oyunda ciddi problemimiz olmamalıdır. Hazırda liderik, düşərgəmizdə yüksək ab-hava hökm sürür. Komandamızda əsas heyətə düşmək uğrunda böyük rəqabət mövcuddur. Futbolçular start heyətinə düşmək üçün çox çalışırlar ki, bu, sağlam rəqabət inkişafa kömək edir. “Qarabağ”a qarşı ən yaxşı heyətimizi çıxaracağıq”.

Hacıyevski ötən tur evdə “Standard”a uduzan (0:1) “Qarabağ”dan sürpriz gözləyir: “Rəqibimiz bizə sürpriz etmək istəyir. Ancaq biz buna imkan verməyəcəyik. “İnter”lə matçdakı kimi oynasaq, hər şey qaydasında olacaq. Meydanda 90 dəqiqə mübarizə aparıb, ehtiyatlı oynayıb, sayıqlığı əldən verməyəcəyik. “Qarabağ”ın əsas qol ümidlərindən olan Zaur Ramazanovu çox təhlükəli hücumçu sayıram. O, hələ Azərbaycan yığmasında rəhbərliyim altında oynadığı dövrdə mənə yaxşı tanışdır. Ramazanov kimi hücumçunu daim xüsusi nəzarət altınsa saxlamaq, ona qarşı diqqətli olmaq lazımdır. Zaura meydanda sərbəst hərəkət etməyə imkan vermək olmaz”.

“Bakı”nın çalışdırıcısı liderliyə göz dikən rəqiblərinə də mesaj göndərib: “İnter”in səfərdə “Qəbələ”, “Simurq”u evdə “Neftçi” ilə çətin sınaq gözləyir. Rəqiblərimizə bu matçlarda qələbə qazanmaq heç də asan olmayacaq və xal itkisi mümkündür. Biz liderliyimizi qorumaq iddiasındayıq”.

Qeyd edək ki, “Bakı” ən yaxın izləyiciləri “İnter”lə “Simurq”u bir xal qabaqlayır.
0