Ağasəlim Mircavadov: Ağır vəziyyətdə olan istənilən komandanı dirçəldə bilərəm
07.03.2009 - 13:51
Ağasəlim Mircavadov: Ağır vəziyyətdə olan istənilən komandanı dirçəldə bilərəm
“Gedenin istefaya göndərilməsini sizdən eşidirəm. Onun kənarlaşdırılmasını o qədər gözlənilməz saymaq olmaz. “Neftçi” elə komandadır ki, orada daim nəticə qazanmalısan”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov deyib.

Cari mövsümün startında “Xəzər Lənkəran”dan istefa verən təcrübəli mütəxəssis Bakının “Neftçi” klubundan qovulan almaniyalı baş məşqçi Hans-Yurgen Gedenin uğursuzluğunu nəticələrlə bağlayır: “Bu addımın nə dərəcədə gecikib-gecikmədiyini deyə bilmərəm. Həmişə demişəm ki, Azərbaycana gələn əcnəbi mütəxəssislər vicdanla işləməlidir. Gedenin nə dərəcədə vicdanla işləməsini siz bilərsiniz. Əsas olan odur ki, nəticə yoxdur”.

Gedenin istefasından sonra “Neftçi”nin baş məşqçi postuna yerli mütəxəssislər arasında əsas namizəd məhz Mircavadovdur. Komandanın tarixində ən böyük uğurunun – “Birlik kuboku”nun memarı olan çalışdırıcı 2006-cı ilin yayında ayrıldığı flaqmana qayıdışı ilə bağlı danışmaq istəmir: “Bu haqda düşünməmişəm. Mənə konkret təklif olmayınca, bu haqda heç fikirləşmirəm də”.

“Neftçi”dən təklif gözləmədiyini deyən Mircavadovu paytaxt klubundakı durum qorxutmur. Onun üçün ağır günlərini yaşayan komandanı ayağa qaldırmağın da çətinliyi yoxdur: “Komandanın durumu deyəndə ki... Ağır vəziyyətdə olan istənilən komandanı dirçəldə bilərəm. “Neftçi”dən danışmıram, amma Azərbaycan futbolunu çox yaxşı bilirəm”.

Qeyd edək ki, müstəqillik dönəmində Mircavadov iki dəfə “Neftçi”yə rəhbərlik edib. 1997-ci ildə komandaya yalnız “Birlik kuboku”nda başçılıq edən və uğursuzluğa uğrayan mütəxəssis 2004-cü ilin sentyabrından 2006-cı ilin iyununadək bir çempionluq, bir bürünc medal, “Birlik kuboku” qazandırdığı komanda ilə Çempionlar Liqasında mərhələ keçib.
0