Gedenin “Neftçi” klubundan qovulmasının əsl səbəbləri müəyyənləşdi
07.03.2009 - 14:30
Gedenin “Neftçi” klubundan qovulmasının əsl səbəbləri müəyyənləşdi
Bakının “Neftçi” klubu Gedenin istefası ilə bağlı rəsmi məlumat yayıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumatda bildirilir ki, “Neftçi” PFK-nın bütün komandalarının və Uşaq Futbol Məktəbinin baş məşqçisi Hans-Yurgen Gede 07 mart 2009-cu il tarixdə tutduğu vəzifədən qovulub.

Buna səbəb Gedenin klubla məşqçi arasında bağlanmış müqavilənin şərtlərini pozması olub. O, Uşaq Futbol Məktəbinin fəaliyyətinə nəzarət etməkdən boyun qaçırmış, klub rəhbərliyinin təkidlərinə baxmayaraq, əvəzedici heyətin və aşağı yaş qrupları üzrə komandaların oyunlarına getməkdən imtina edib. Müqavilə imzalayarkən, “Neftçi”nin ilk “üçlük”də yer alacağı ilə bağlı şərti qəbul etsə də, üzərinə götürdüyü vəzifələrin öhdəsindən gələ bilməyərək, “Neftçi”ni turnir cədvəlində 10-cu yerə endirib.

Bundan əlavə, Gede klubun tarixinə hörmətsiz yanaşmış və atributlarını təhqir edib. Bütün bunları nəzərə alan klub rəhbərliyinin qərarı ilə Hans-Yurgen Gede və “Neftçi” PFK arasında bağlanmış müqaviləyə xitam verilib.

Mövsümün sonuna qədər komandanın baş məşqçisi funksiyasını köməkçi məşqçi Böyükağa Ağayev yerinə yetirəcək.
0