“Xəzər-Lənkəran” sabah titulunu itirə bilər
10.03.2009 - 12:50
“Xəzər-Lənkəran” sabah titulunu itirə bilər
Azərbaycan kuboku uğrunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilir. Apasport.az saytının məlumatına görə, kubok matçlarından üçü sabah, biri ertəsi gün baş tutacaq. Buna səbəb “Bakı” ilə “Neftçi”nin ev oyunlarını eyni arenada – Tofiq Bəhramov adına Respublika stadionunda keçirməsidir.

İlk yarımfinalçı “Şəfa” stadionunda müəyyənləşəcək. “Olimpik” tarixində ilk dəfə 4 ən güclü sırasına çıxmağa yaxındır. Hər halda, Əsgər Abdullayevin çalışdırdığı komandaya “Qəbələ” ilə cavab görüşündə mərhələ adlamaq üçün qolsuz heç-heçə də kifayətdir.

Ötən mövsüm kubokun finalçısı “İnter” tarixində bir dəfə - 2006-cı ildə həlledici oyunda “ilişib”. İlk görüşdə qazanılan üstünlük, “Simurq”un son turda Zaqatalada “Neftçi”yə məğlubiyyətindən (0:2) sonra yaranan ruh düşkünlüyü və ən əsası, ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komandanın bir qayda olaraq, rəqibini məğlub etməsi “İnter”in yenə yarımfinala çıxacağını deməyə əsas verir.

Son iki mövsümdə kubokun sahibi olan “Xəzər-Lənkəran” titulunu itirmək təhlükəsi ilə üzləşib. Hər halda, Lənkəran təmsilçisinin evdə “Bakı”ya uduzması rəqibin mərhələ adlamaq şanslarını çoxaldır. Həm də Premyer Liqanın vahid lideri olan paytaxt təmsilçisi ikinci dövrədə nəinki uduzub, heç qol da buraxmayıb. “Xəzər-Lənkəran” isə mərhələ adlamaq üçün mütləq rəqibin yol tapmalıdır. Bakılılara yarımfinala yüksəlmək üçün istənilən hesablı heç-heçə yetərlidir.

Qitə miqyaslı turnirə çıxmaq üçün yeganə ümidini ölkə kubokuna bağlayan “Neftçi”yə baş məşqçi Hans-Yurgen Gedeni istefaya göndərmək düşərli oldu. Hər halda, alman mütəxəssis yoxluğunda flaqman ilk oyunundaca evdə nadir halda uduzan “Simurq”u yendi. Buna nail olan “Neftçi”nin baş məşqçi əvəzi Böyükağa Ağayevin indi qarşısında duran növbəti vəzifə iki oyunun nəticəsinə görə “Qarabağ”ı üstələməkdir. Həmin “Qarabağ” ki sonuncu titulunu məhz Ağayevin rəhbərliyi altında qazanıb. Söhbət 2006-cı ildə qazanılan Azərbaycan kubokundan gedir.

“Neftçi”dən fərqli, “Qarabağ” üçün Premyer Liqanın sonuncu turu uğursuz olduğu üçün düşərgədə əhval-ruhiyyə heç də yüksək deyil. Ardıcıl iki görüşdür meydanı məğlub tərk edən Ağdam təmsilçisi 5 günlük fasilədən yenə Tofiq Bəhramov adına Respublika stadionuna çıxacaq. “Qarabağ” “Bakı”ya olduğu kimi, “Neftçi”yə də 0:2 hesabı ilə uduzarsa, kubokla vidalaşacaq.

11 mart

15:00. “Olimpik” – “Qəbələ”

Baş hakim: Zöhrab Qədiyev
Hakim-köməkçiləri: Aydın Ələkbərov, Munis Abdullayev, Ceyhun Haşımov
Bakı. “Şəfa” stadionu
İlk oyun – 1:1

16:00. "Simurq" - "İnter"
Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: Mehman Mahmudov, Azər Məmmədov, Əfqan Həmzəyev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk oyun – 0:2

17:00. "Bakı" - "Xəzər-Lənkəran"
Baş hakim: Fariz Yusifov
Hakim-köməkçiləri: Azad Q.Hüseynov, Roman Vasilyev, İmanxan Sultani
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:0

12 mart

18:00. "Neftçi" - "Qarabağ"

Baş hakim: Vüsal Əliyev
Hakim-köməkçiləri: İlham Əliyev, Eldar Nağıbəyov, Rövşən Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1
0