Azərbaycan futbolunda növbəti qalmaqal
10.03.2009 - 18:48
Azərbaycan futbolunda növbəti qalmaqal
Azərbaycan futbolunda hakimliklə bağlı növbəti qalmaqal qeydə alınıb. Bu dəfə hadisələrin mərkəzində beynəlxalq dərəcəli referilər Babək Quliyevlə Anar Niyazov durur. Onların barəsində AFFA-nın Hakimlər Komitəsinə (HK) müəyyən məlumatlar ötürüldüyündən, hər ikisi hakimlikdən kənarlaşdırılıb.

Bu xəbəri HK sədri Xəqani Məmmədov da təsdiqləyib. O, apasport.az saytına bildirib ki, Quliyev və Niyazov hakim adına yaraşmayan hərəkətlərə yol veriblər. Bu səbəbdən FİFA referiləri ilə bağlı araşdırmalara başlanılıb. Onlar yalnız araşdırma başa çatdıqdan sonra ölkə çempionatının oyunlarına təyinat ala bilərlər.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə lent.az saytına açıqlamasında bunları deyib: “Babək Quliyev və Anar Niyazovun 3-4 klubla işbirliyinə girməsi haqqında bizə məlumat daxil olub”.

Xatırladaq ki, buna oxşar hal 2005-ci ilin avqustunda baş vermişdi. Həmin vaxt Zöhrab Qədiyev, Munis Abdullayev, Anar Salmanov və Məhəmməd Məmmədov hakimlikdən birdəfəlik uzaqlaşdırılmışdılar. Sonradan Qədiyev, Abdullayev və Salmanov bağışlanılaraq, hakimliyə qaytarılmışdılar.

Ümumiyyətlə, Azərbaycan hakimliyində ən böyük qalmaqallardan biri elə HK-nin indiki sədri Xəqani Məmmədovla bağlıdır. O, 2005-ci ilin oktyabrında “Turan” - “İnter” (0:1) matçından sonra qonaqların baş məşqçisi Anatoli Konkovla birgə qatarda Bakıya qayıdarkən, səmimi söhbətdə ittiham olunurdu. Qatar əhvalatı Xəqani Məmmədova ömürlük diskvalifikasiya bahasına başa gəlmişdi. Onu ötən ilin yazında Rövnəq Abdullayev AFFA prezidenti seçildikdən sonra bağışlayıb.
0