Babək Quliyev: Məgər əlimdə pul tutulub?
10.03.2009 - 19:11
Babək Quliyev: Məgər əlimdə pul tutulub?
“Adımın hakimliyə xələl gətirən məsələlərdə hallanması xəbəri mənim üçün gözlənilməz oldu. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşmüşəm. Onlar araşdırma başa çatanadək hakimlikdən kənarda qalacağımı dedilər. Mən də bunu normal qarşıladım”. Bunu apasport.az saytına açıqlamasında FİFA hakimi Babək Quliyev deyib.

35 yaşlı referi bu gün haqqında çıxarılan qərardan elə də narahat deyil: “Bizə dedilər ki, onlara belə bir informasiya daxil olub. AFFA-nın, PFL-nın də işi bunu araşdırmaqdır. Hər halda, bu, onların vəzifə borcudur və buna tam ixtiyarları var. Bizə dedilər ki, müvəqqəti hakimlikdən kənarda qalacaqsınız. Etirazım yoxdur, necə məsləhətdir, elə də olsun. Amma sizə deyə bilərəm ki, haqqımda deyilənlər boş söz-söhbətdir. Özümə arxayınam və hakimliyə xələl gətirən, bir neçə klubla işbirliyi girməyimdən söhbət gedə bilməz”.

Quliyev bunu onları gözü-götürməyənlərin işi olduğunu istisna etmir: “Haqq-ədalətin tərəfimdə olacağına əminəm. Adım indiyədək belə xoşagəlməz şeylərdə hallanmayıb. Belə olan halda, necə ola bilər ki, belə qanunsuz işlərlə məşğul olaq? Ola bilsin ki, bu, bizi gözü götürməyənlərdən kiminsə işidir”.

FİFA hakimi “od olmayan yerdə tüstü çıxmaz” məsəlini də yaxın buraxmır: “Mənimlə bağlı məsələdə nə od var, nə də tüstü. Məgər əlimdə pul tutulub ki, adım da ləkələnsin?”

Qeyd edək ki, Babək Quliyevlə yanaşı, futzal üzrə 33 yaşlı FİFA hakimi Anar Niyazov da bu məsələ ilə bağlı qeyr-müəyyən müddətə hakimlikdən kənarlaşdırılıb.
0