“Neftçi” son şansını da itirdi
12.03.2009 - 19:50
“Neftçi” son şansını da itirdi
Azərbaycan kuboku uğrunda yarışın 2008/09 mövsümünün bütün yarımfinalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Simurq” - “İnter” və “Olimpik” - “Qəbələ” oyunlarında qonaq komandalar növbəti mərhələyə yüksəliblər.

“Simurq” tarixində ilk dəfə “İnter” üzərində qələbə qazansa da, bu, ümumi nəticə üçün yetərli olmayıb. Əvəzində paytaxt təmsilçisi son beş ildə dördüncü dəfə yarımfinala çıxıb.

Ardıcıl ikinci mövsüm yarımfinala çıxan “Qəbələ”nin isə “Olimpik” üzərində ilk qələbəsi mərhələ adlamaq üçün yetərli olub. Buna da səbəb komandalar arasında ilk görüşün heç-heçə nəticələnməsidir. “Qəbələ”nin iranlı hücumçusu Fərzad Hatəmi “Şəfa” stadionunun ona düşərli olduğunu bir daha təsdiqləyib. Belə ki, əslən Cənubi Azərbaycandan olan 23 yaşlı futbolçu qollarının böyük əksəriyyətini məhz bu arenada vurub. Fərzadın hesabındakı 6 qoldan 5-i “Şəfa”da keçirilən matçlara təsadüf edir.

Üçüncü yarımfinalçı “Bakı” olub. Bununla da, son iki mövsümdə Ağasəlim Mircavadovun rəhbərliyi altında kuboku qazanan “Xəzər-Lənkəran” titulunu əldən verib. İkinci dövrədən İqor Ponomaryovun çalışdırdığı Lənkəran təmsilçisi yarımfinala çıxmaq üçün əla fürsət yaxalasa da, bundan yararlana bilməyib.

Belə ki, Premyer Liqada bombardirlər yarışına liderlik edən bolqar hücumçu İvan Svetkov yenə öz sözünü deyərək, “dubl edib”. Ancaq paytaxt klubunun qış fasiləsində transfer etdiyi gürcü hücumçu Georgi Adamiya ilə millimizin müdafiəçisi Saşa Yunisoğlu yeni klublarında qol hesablarını açmaqla, yarımfinala vəsiqəni təmin ediblər.

“Neftçi” isə avrokuboklara çıxmaq üçün son şansını itirib. Premyer Liqada vəziyyəti ürəkaçan olmayan flaqman ölkə kuboku ilə erkən vidalaşdığından, praktiki olaraq, qitə miqyaslı yarışlardan kənarda qalıb.

Qeyd edək ki, aprelin 29-da yarımfinalda “İnter” “Qəbələ”ni sınağa çəkəcək. Ertəsi gün isə “Qarabağ” “Bakı” ilə qarşılaşacaq.

12 mart


18:00. "Neftçi" - "Qarabağ" - 0:0

Baş hakim: Vüsal Əliyev
Hakim-köməkçiləri: İlham Əliyev, Eldar Nağıbəyov, Rövşən Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:1


11 mart


“Olimpik” - “Qəbələ” - 0:1

Baş hakim: Zöhrab Qədiyev
Hakim-köməkçiləri: Aydın Ələkbərov, Munis Abdullayev, Ceyhun Haşımov
Bakı. “Şəfa” stadionu
İlk oyun - 1:1
QOL: Fərzad Hatəmi, 65


"Simurq" - "İnter" - 2:1
Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: Mehman Mahmudov, Azər Məmmədov, Əfqan Həmzəyev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk oyun - 0:2
QOLLAR: Xaqani Məmmədov, 35 - Vladimir Mazyar, 44; 81


"Bakı" - "Xəzər-Lənkəran" -2:2
Baş hakim: Fariz Yusifov
Hakim-köməkçiləri: Azad Q.Hüseynov, Roman Vasilyev, İmanxan Sultani
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:0
QOLLAR: Georgi Adamiya, 68; Saşa Yunisoğlu, 90+1 - İvan Svetkov, 28; 67
0