Şok iddia: “Neftçi” komandasının adı oyun alqı-satqısında!
12.03.2009 - 12:29
Şok iddia: “Neftçi” komandasının adı oyun alqı-satqısında!
SSRİ və Rusiya milli komandalarının sabiq baş məşqçisi Anatoli Bışovets danışılmış oyunların iştirakçısı olduğunu etiraf edib. Apasport.az saytının məlumatına görə, 1988-ci ildə həmyerlimiz İqor Ponomaryovun da yer aldığı SSRİ yığması ilə olimpiya çempionu olan təcrübəli mütəxəssis hələ futbolçu olduğu vaxtlar nəticəsi razılaşdırılan matçlarda forma geyinməsindən danışıb.

Bışovets belə hadisələrdən birinin 1966-cı ildə baş verdiyini açıqlayıb: “Belə oyunlarda keçirilən hissləri yalnız bir sözlə ifadə etmək olar: xəcalət. Amma bu, bütün komandanın qərarı olduğundan heç nə etmək olmurdu. Bəzən elə olurdu ki, həmin matçın verildiyini uzun illər keçəndən sonra bilirdim. 60 illik yubileyimi qeyd edəndə Andrey Biba da tədbirə gəlmişdi. Birdən onun ağzı açıldı. Dediklərindən belə çıxdı ki, 1966-cı ildə biz Kiyevdəki matçların birində rəqibə xal verməli idik. Bu, elə bir komanda idi ki, ilk “üçlük”də yer almaq uğrunda mübarizə aparırdı. Həmin komanda üçün bu, nadir, ələ düşməyən bir şans idi. Biz isə artıq çempionluğu təmin etmişdik”.

Bışovets həmin qarşılaşmanın axarını da xatırlayıb: “Biba ilə söhbətdə yadıma düşdü ki, həmin görüşdə mən qol vurdum. Bu səbəbdən az keçməmiş məni əvəzlədilər. Qol vuranda heç kim məni təbrik etmədi. Nəticədə 1:2 hesabı ilə uduzduq. Oyundan sonra paltardəyişmə otağında qiyamət qopdu. Baş məşqçimiz Maslov təcrübəli futbolçuların üstünə düşdü ki, siz necə imkan verirsiniz ki... Bu vaxt yüksək rəhbərlərdən biri içəri daxil oldu. Maslov “moskvalıları mükafatlara yaxın buraxmaq daha pis olardı” deməklə, onu sakitləşdirdi”.

Bışovets ad çəkməsə də, onun sözlərinin “Neftçi”yə ünvanladığı görünür. Belə ki, 1966-cı ildə “Dinamo” cəmi 3 dəfə uduzub. 22-ci turda Moskvada “Torpedo”ya 0:2, 35-ci turda Tiflisdə “Dinamo”ya 0:3 hesabı ilə uduzan kiyevlilər öz meydanında yalnız bakılılara uduzub. “Neftçi” 32-ci turun Ukraynada keçirilən qarşılaşmasında Bışovetsin dediyi hesabla – 2:1 qalib gəlib. Mütəxəssisin xatırladığı daha iki məqam rəqibin “üçlük” uğurunda mübarizə aparmasının nadir hal olması və moskvalıların mükafatlardan kənar qalması da çox şeydən xəbər verir. Həmin uğur Azərbaycan təmsilçisinin SSRİ çempionatlarında yeganə uğurudur. Moskvanın ən yaxşı klubları isə 43 il əvvəl 4-6-cı yerlərdə qərarlaşmışdı.
0