Tuayev: Bışovets kütbeyin, fırıldaqçı və şizofrenikdir
12.03.2009 - 13:32
Tuayev: Bışovets kütbeyin, fırıldaqçı və şizofrenikdir
“Anatoli Bışovets kütbeyin futbolçu olub. O, həmişə başını aşağı salaraq oynayırdı. Çünki ağlı yox idi. Bışovets yaxşı futbolçu olsaydı, 26 yaşında karyerasını bitirməzdi”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Kazbek Tuayev deyib.

1966-cı ildə Bakının “Neftçi” klubunun heyətində SSRİ çempionatının bürünc medalını qazanan veteran hücumçu Anatoli Bışovetsin iddialarına qarşı çıxıb. Tuayev Kiyev “Dinamo”sunda çıxış etmiş rusiyalı həmkarının “Neftçi”nin danışılmış oyunlarda iştirakını ağ yalan adlandırıb: “Bışovetsin nəzərdə tutduğu oyun yaxşı yadımdadır. Həmin görüşdə 2:1 hesabı ilə çətin qələbə qazandıq. Bışovets onda gənc idi, futbola yeni başlamışdı. Bir epizodda müdafiəçimiz Vladimir Bruxti ona qarşı elə sərt oynadı ki, o, bir daha meydanda görünmədi. Bışovetsin bizə vurduğu qola gəlincə, bu, bir qədər kuryoz alındı. Məsələ ondadır ki, qapıçımız Sergey Kramarenko həmin epizodda irəli çıxdığı üçün Anatolinin 50 metrdən vurduğu zərbədən sonra top tora düşdü”.

Tuayevin sözlərinə görə, “Neftçi” haqda belə xoşagəlməz sözləri ancaq gözü götürməyənlər danışa bilər: “Moskvanın “Spartak” klubunun qapıçısı Vladimir Maslaçenko da “Neftçi” haqda belə şeylər danışırdı. Ona iki kəlmə elə söz dedim ki, səsini kəsdi. Xatırlayırsınızsa, yaxınlarda Bakıya gəlmişdi. Bışovetsin danışdıqları boş söz-söhbətlərdir. O, bicdir, şizofrenikdir. Nə yaxşı futbolçu olub, nə də yaxşı məşqçi. Yaxşı məşqçi olsaydı, onu hər yerdən qovmazdılar. Həm futbolçu, həm də məşqçi kimi ağılsız olub”.

69 yaşlı veteran futbolçumuz Bışovetsə məsləhətlərini də verib: “O, Kiyev “Dinamo”sunun hansı yollarla SSRİ çempionunu olduğu haqda danışsa, daha yaxşı olardı. Bunu bütün SSRİ bilirdi. Bışovets də fırıldaqçılar sırasında idi. “Dinamo” evdə hamını udur, səfər oyunlarını isə alırdı. Həmin vaxt SSRİ çempionatının güclülər dəstəsində çıxış edən beş Ukrayna klubunun hamısı “Dinamo”ya işləyirdi. Bunlar “Şaxtyor”, “Dnepr”, “Metallist”, “Çernomorets” və “Zarya” idi. Artıq çempionatın əvvəlində kiyevlilər 10 xal hamıdan irəlidə idi. Çünki bu beş komanda onlara bilərəkdən xal verirdi. Bışovets bütün bunları yaxşı bilir”.

Tuayev futbol oynadığı vaxtda Moskva komandalarının çempion ola bilməməklərini təsadüfi saymır: “Çünki dediyim kimi, həmin vaxt Kiyev “Dinamo”suna həmyerliləri kömək edirdi. Moskva klubları isə öz aralarında savaşaraq, çempion ola bilmirdilər. Biz döyüşərək, öz gücümüzə xal qazanardıq. Həmin vaxt SSRİ çempionatının bürünc medalını alın tərimiz hesabına qazandıq”.

Qeyd edək ki, Bışovets 1966-cı ildə öz meydanlarında 1:2 hesabı ilə uduzduqları matçın nəticəsinin danışılmış olduğunu iddia edir. O, ad çəkməsə də, Kiyev “Dinamo”su həmin mövsüm evdə yalnız “Neftçi”yə, özü də bu hesabla məğlub olub. Tuayev isə məşqçilik karyerası vaxtı “Neftçi”ni həm SSRİ, həm də milli çempionatlarda çalışdırıb.
0