Mircavadov: “Xəzər-Lənkəran” “Mançester Yunayted” ola bilmədi
12.03.2009 - 15:39
Mircavadov: “Xəzər-Lənkəran” “Mançester Yunayted” ola bilmədi
“Bakı” və “Xəzər-Lənkəran” arasındakı son kubok oyunu mənə öz vaxtımdakı matçı xatırlatmadı. Çünki həmin vaxt oyunun səviyyəsi daha üstün idi. Bu dəfəki görüşdə isə sürət az idi, futbolçular topla yaxşı işləmirdilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Ötən mövsüm Mircavadovun rəhbərlik etdiyi Lənkəran təmsilçisi “Bakı” ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə 2:0 hesabıyla irəlidə olsa da, sonda heç-heçə ilə kifayətləndi. O, nəticənin eyni olmasına baxmayaraq, oyunu fərqli sayır: “Ola bilsin ki, futbolçuların topla işləyə bilməməsi meydançanın vəziyyəti ilə bağlı idi. İndi həm oyun, həm də məşq meydançaları yox dərəcəsindədir. “Bakı” ilə həmin görüşdə meydançanın durumu yaxşı idi. Bilirsiniz, güclü komandalara qarşı xüsusi köklənmə, böyük motivasiya olur. Belə rəqiblərə böyük hörmətlə yanaşılır. Əslində, “Xəzər-Lənkəran” pis oynamadı. Sadəcə, problem onda idi ki, cinahlar işləmədi. “Bakı” isə oyunun taleyini futbolçularının ustalıq səviyyəsi hesabına həll etdi. Komandanın oyunu hələ istənilən səviyyədə deyil. Makedoniyalı həmkarım Qyoko Hacıyevski daim axtarışdadır. O, heyətdə tez-tez dəyişiklik edir və 4-5 futbolçunu əvəzləmək ağırdır”.

“Xəzər-Lənkəran” son iki mövsümdə ölkə kubokunu Mircavadovun rəhbərliyi altında qazanıb. Hazırda işsiz olan 62 yaşlı mütəxəssis keçmiş komandasının titulu əldən verməsinə üzülür: “Səmimi deyirəm ki, “Xəzər-Lənkəran”ın yenə finala çıxması, kuboku qazanmasını istərdim. Məğlubiyyət varsa, bunun səbəbini axtarmaq lazımdır. Artıq komandanın içində olmadığım üçün problemi deyə bilmərəm. Yəqin ki, bilmədiyim başqa amil var. Hər halda, onunla razıyam ki, “Xəzər-Lənkəran” hesabda iki top fərqi ilə irəlidə olduğu halda, belə şansı əldən verməməli idi. Üstəlik, səfərdə hesabda 2:0 irəlidə olmaq böyük motivasiya verir”.

Mircavadov “Xəzər-Lənkəran”la bağlı məsələdə “Mançester Yunayted”i misal göstərib. Onun sözlərinə görə, Çempionlar Liqasının son qalibi necə oynamaq lazım olduğunu göstərdi: “Mançester Yunayted” də “İnter”lə cavab görüşündə hesabda 2:0 irəlidə idi. Komanda buna baxmayaraq, yenə hücum edir, top saxlayır, çoxgedişli kombinasiyalılarla oyuna nəzarəti əlində saxlayırdı. Bütün bunlarla həyəcan aradan götürülür, oyun sakit templə davam edirdi. Amma “Xəzər-Lənkəran” belə olmadı. Komandada yaradıcı orta sahə oyunçuları olduğu halda, top saxlanılmırdı”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” “Bakı” ilə ölkə kuboku uğrunda ilk ¼ final oyununda evdə 0:1 hesabı ilə uduzduğu üçün mübarizəni dayandırmalı olub.
0