“Neftçi”nin baş məşqçisi: Çempionlar Liqasına qatılmaq üçün birinci yer iddiasındayıq
13.03.2009 - 00:11
“Neftçi”nin baş məşqçisi: Çempionlar Liqasına qatılmaq üçün birinci yer iddiasındayıq
“Komandamızın ilk oyununu axşam saatlarında keçirməsinə təəssüflənirəm. Turnirin açılış mərasiminə dəvət edilən Azərbaycanın Ukraynadakı səfiri ola bilər ki, gec olduğundan matçımızı izləyə bilməsin”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Hacıbala Abdullayev deyib.

Ukraynada mərhum futbolçu Viktor Kolotovun xatirəsinə həsr olunan beynəlxalq futzal turnirinə qatılan komandaların baş məşqçiləri ilə müsahibələr götürən həmkarlarımız Abdullayevin də fikirlərini öyrənib. Mütəxəssis Azərbaycan futzalı, özü və “Neftçi” haqda məlumat verib: “Azərbaycanda mini-futbol hələ 1966-cı ildən mövcuddur. Onun banilərindən biri məşhur həmyerlim Ələkbər Məmmədov olub. Mən bu idman növü ilə 10 ildir məşğulam. Hazırda 21 yaşlılardan ibarət komandaya rəhbərlik edirəm. Buna qədər isə 4 il milli komandanın baş məşqçisi oldum. Sonra isə braziliyalı gətirdilər. Sırf futzal komandası olan “Neftçi” yeni yaranıb. Bizim yığmaya dəvət gəlmişdi. Millimiz seçmə mərhələdə oynadığından Ukraynaya yollanmağımızı təklif etdilər. Düşünmədən razılıq verdik. Viktor Kolotovun necə oynadığını yaxşı xatırlayıram. Belə oyunçunun xatirəsinə həsr olunan turnirə qatılmaqla, ümumi xeyirli işə qoşulmuş olardıq”.

“Neftçi”nin ukraynalı legionerləri haqda da danışan Abdullayev komandasının iddialı olduğunu bildirib: “Aranovski və Karpenko komandamızın liderlərinə çevrilib. Sizin qapıçımıza yaxınlaşdığınızı da gördüm. Kostya bizi çox xilas edib. Bizim çempionatın güclülər dəstəsində 8 komanda çıxış edir. “Neftçi” hələ ki üçüncüdür. Çempionlar Liqasına qatılmaq üçün birinci yer iddiasındayıq. Düzdür, Kiyevə çarter yox, adi reyslə gəlmişik. Buna baxmayaraq, çox sanballı sponsorumuz var. Bu, “Neftçi” İdman-Sağlamlıq Mərkəzini maliyyələşdirən neft şirkətidir. Elə Kolotovun xatirəsinə həsr olunan turnir də bizim üçün bir hazırlıq prosesidir. Düzdür, yarışın reqlamenti bir az fərqlidir. Amma istənilən halda, artıq gələn il də bura gəlmək fikrindəyik”.

Abdullayev ölkəmizdə futzalın sabiq futbolçulardan ibarət olmadığını da açıqlayıb: “Azərbaycanda futbolçuların futzala və əksinə getməsi prosesi müşahidə olunur. Hazırda böyük futbol oynayanların təxminən 80 faizi mini-futboldan gəlib”.
0