Hans-Yurgen Gede yenə xatırlanıldı və yenə pislənildi
12.03.2009 - 20:29
Hans-Yurgen Gede yenə xatırlanıldı və yenə pislənildi
“Mövsümü komandamız üçün bitmiş hesab etmək olar. Ölkə kubokunda mübarizəni dayandırdıq, çempionatda isə aşağı pillələrdə qərarlaşmışıq. Daha iddiamız qalmayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Ağayev ölkə kubokunun 1/4 final mərhələsində “Qarabağ”la cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Yarımfinala yüksələ bilməyən flaqmanın çalışdırıcı bunun səbəbini belə izah edib: “Birinci görüşdəki məğlubiyyət ümumi nəticəyə təsirini göstərdi. Məğlub olduğumuzdan, bu gün ehtiyatlı oynamaq məcburiyyətində idik. “Neftçi” keçmiş baş məşqçi Hans-Yurgen Gedenin apardığı yanlış seleksiya işlərinin acısını çəkir”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə rəqibə uğurlar arzulamağı unutmayıb: “Məqsədimiz birinci oyunda əldə etdiyimiz üstünlüyü qorumaq idi. Buna nail olduq və yarımfinala yüksəldik. “Neftçi”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Qeyd edək ki, “Neftçi” “Qarabağ” bir top fərqi ilə uduzub - 0:1; 0:0.
0