Azərbaycan kuboku bombardirsiz qaldı
13.03.2009 - 11:06
Azərbaycan kuboku bombardirsiz qaldı
Azərbaycan kuboku ən məhsuldar futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, ¼ final mərhələsinin cavab oyunlarından sonra turnirdə ən çox qol vuran Vladimir Mazyar mübarizədən kənar qalıb.

“Simurq”un “İnter”ə qarşı öz meydanında keçirdiyi görüşdə iki dəfə fərqlənən ukraynalı hücumçu qol hesabını 9-a çatdırıb. Lakin 32 yaşlı legionerin son iki qolu komandasına kömək etməyib. Mazyar cari mövsüm kubokda poker, het-trik və dubla imza atıb. Yarışın ən yaxşı bombardirinin qarşıdakı iki mərhələdə dəyişəcəyi inandırıcı görünmür.

Bundan sonra ən yaxşı halda, 3 matça çıxacaq rəqiblərinin böyük fərqi aradan qaldırması çətin olacaq. Siyahıda ikinci olan Kənan Kərimovun (“Qəbələ”) Mazyara çatması üçün 4 qol lazımdır. Hərəyə üç dəfə fərqlənib mübarizəni davam etdirən Zaur Ramazanov (“Qarabağ”) və Georgi Demetradze (“Bakı”) isə indiyədək vurduqlarından iki dəfə çox – 6 qola imza atmalıdır.

Onlar kimi, 3 dəfə rəqib qapılarına yol tapan Arif İsayev (“Simurq”), Rəhman Musayev (“Spartak”), həmçinin 4 qolla üçüncü pillədə qərarlaşan Klaudio Radukanu (“Xəzər-Lənkəran”) üçün isə artıq kubok yarışı başa çatıb.
0