İqor Ponomaryov Əsgər Abdullayevi necə məyus edib?
13.03.2009 - 13:04
İqor Ponomaryov Əsgər Abdullayevi necə məyus edib?
Ölkə kubokunun 1/4 final mərhələsində uğursuzluğa düçar olan komandalar sabah Premyer Liqa çərçivəsində Lənkəranda üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, psixoloji sarsıntı içərisində olan “Xəzər-Lənkəran”la “Olimpik”in görüşü baş məşqçilərin dueli baxımdan maraq doğurur.

49 yaşlı İqor Ponomaryovla Əsgər Abdullayev uzun müddət SSRİ çempionatında “Neftçi”də birgə oynayıblar. Abdullayev milli komandamızı çalışdırdığı ilk vaxtda - 2000-ci ildə baş məşqçi postunu sonradan məhz Ponomaryova təhvil verib. Onlar rəqib kimi bir dəfə görüşüblər və həmin oyun dramatikliyi ilə milli çempionatın tarixinə düşüb.

Belə ki, Ponomaryov 2004/05 mövsümündə “Qarabağ”ı çalışdıranda Abdullayevin sükanı arxasında olduğu “Bakı”ya 9 nəfərlə necə qol vurmağı göstərib. 2005-ci ildə Respublika stadionunda keçirilən həmin matçda hesabda geridə olan “Qarabağ” iki futbolçusu qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün çətin vəziyyətə düşmüşdü. Ancaq sözün əsl mənasında xarakter, əzmkarlıq nümayiş etdirən Ponomaryovun komandası 90+2-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaça bilib – 1:1. Həmin qolda böyük əməyi olan Vadim Vasilyev sonradan Abdullayevin rəhbərliyi altında oynayıb. İndi isə “Xəzər-Lənkəran”da Ponomaryovun köməkçisidir.

Ponomaryov “Olimpik”lə ilk dəfə görüşəcəyi halda, Abdullayev lənkəranlılarla həm çempionat, həm də kubokda qarşılaşıb. “Bakı”nın çalışdırıcısı kimi, Cənub təmsilçisini üstələyən Abdullayev indiki komandasıyla buna nail olmayıb. Düzdür, “təyyarəçilər” bir dəfə “Xəzər-Lənkəran”ı məğlub (1:0) edib. Amma bu oyun kuboka təsadüf edib və səfərdə keçirdiyi cavab görüşündə 0:2 hesabı ilə uduzan bakılılar mübarizəni dayandırıb.

“Olimpik” Abdullayevin gəlişinədək də “Xəzər-Lənkəran”ı üstələyə bilməyib. Bakılıların çempionatda 367 günlük (25 matç) məğlubiyyətsiz oyunlar seriyasının təməli məhz Lənkəranda qoyulmuşdu. 2007-ci ilin aprelin 27-də səfər oyununda uduzan (2:3) Abdullayevin komandası bir də növbəti il martın 28-də “Şəfa”da “İnter”ə yenildi – 0:2.

“Xəzər-Lənkəran”ın tarixində ilk və hələlik yeganə çempionluğunda “Olimpik”in də əməyi olub. 2007-ci ildə sona bir tur qalmış Abdullayevin komandası “Şəfa” stadionunda “Neftçi” üzərində qazandığı 2:1 hesablı qələbə ilə lənkəranlıları demək olar qızıl medallara qovuşdurdu. Ötən mövsüm isə “Olimpik” “Xəzər-Lənkəran”la səfər matçında etdiyi qolsuz heç-heçə sayəsində çempionluğun bir addımlığında olsa da, son turda elə “Şəfa”da Ponomaryovun keçmiş komandasına (“Qarabağ”) uduzaraq, (0:1) qızıl medallardan əlini üzməli oldu.

Lənkəran təmsilçisi “Olimpik”lə sabahkı oyuna ciddi itkilərlə çıxacaq. Zədəli olan Kamran Ağayevlə Rəşad Abdullayevlə yanaşı, Emin Quliyevlə İvan Svetkov da komandaya kömək edə bilməyəcək. Son iki futbolçu “Bakı” ilə kubok qarşılaşmasından sonra cəzalı duruma düşüb. “Xəzər-Lənkəran” ilk dövrədə “Olimpik”i məhz Svetkovun vurduğu yeganə qol sayəsində məğlub edib. Cari mövsümün əvvəlində “Xəzər-Lənkəran”dan “Olimpik”ə keçən Mahir Şükürov bu dəfə lənkəranlı azarkeşlər qarşısına rəqib futbolçu çıxacaq. Millimizin müdafiəçisi keçmiş komandasının heyətində ölkə kubokunu və “Birlik kuboku”nu qazanıb.
0