Batista: Mən hakimə tüpürmədim, sadəcə, etirazımı bildirdim
13.03.2009 - 19:19
Batista: Mən hakimə tüpürmədim, sadəcə, etirazımı bildirdim
“Oyunun hakiminə və yaxud başqa birisinə tüpürmədim. Sadəcə, yan hakimə etirazımı bildirdim”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın braziliyalı hücumçusu Vilyam Roşa Batista klubun rəsmi saytına açıqlamasında deyib.

Bu gün AFFA-nın İntizam Komitəsinin çıxardığı qərara əsasən 6 oyunluq cəzalanan braziliyalı haqqında çıxarılan bu qərarı haqsız sayır: “Başa düşmürəm, axı, necə ola bilər ki, hakimin gözü qarşısında mənə qarşı açıq-aydın qayda pozuntusu baş verir, referi isə heç bir şey olmamış kimi topun yan xətti çıxdığına işarə edərək, aut təyin edir. Mən peşəkar futbolçuyam və ədalətsizliyə qarşı etiraz etmək hüququm var. Ancaq bunu qaydalar çərçivəsində, kimisə təhqir etmədən bildirmişəm. Əgər bu bir qədər sərt formada alınıbsa, məni başa düşmənizi xahiş edirəm. Komandamız məğlub durumda idi, əsəblər tarıma dartılmışdı. Səhv hərəkət etdiyimi başa düşürəm. Bu səbəbdən də oyun başa çatan kimi hakimlər briqadasından üzr istədim. Ancaq yenə də təkrar edirəm ki, mən kimsəyə tüpürməmişəm”.

Qeyd edək ki, Batista ilə bağlı çıxarılan qərarda ona görə klubun 5000 manat cərimələnməsi də göstərilib. “Bakı” futbolçu ilə bağlı çıxarılan qərara yenidən baxılmasını tələb edir.
0