FİFA Azərbaycan klubunun müraciətinə baxır
14.03.2009 - 14:45
FİFA Azərbaycan klubunun müraciətinə baxır
“Bakı” klubunun qış fasiləsində transfer etdiyi mərakeşli hücumçu Hasan Suari ilə bağlı problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Mərakeş yığmasının üzvü olan 25 yaşlı futbolçunun transfer vərəqəsi göndərilmədiyi üçün hələ də yeni komandasına kömək edə bilmir. Özü də “Bakı”nın braziliyalı hücumçusu Vilyam Roşa Batistanın 6 oyunluq cəzalandırılmasından sonra Suariyə daha çox ehtiyac yaranıb.

Klubun vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında Hasanın sonuncu komandası ilə probleminin olduğunu bildirib: “Biz onun transfer vərəqəsinin göndərilməsi üçün xeyli vaxtdır müraciət etsək də, hələ də buna müsbət cavab almamışıq. Hasan azad agent olduğunu, klubu isə onunla müqavilənin bitmədiyini deyir. Görünür, onlarda ikili müqavilə var. Suarini transfer etməyə qərar verdiyimiz zaman onun klubu ilə məsələsini özü həll etməsi nəzərdə tutulmuşdu. Hasan Türkiyədə baxışda olduqdan sonra onu bəyənmiş və müqavilə şərtlərini də razılaşdırmışdıq. Onunla “1+1 il” şərti ilə anlaşmışıq”.

Vitse-prezidenti bildirib ki, artıq məsələyə FİFA da qarışıb: “Hasan probleminin həll etməsi üçün dünya ali futbol qurumuna müraciət edib. FİFA Suari ilə klub arasında məsələni araşdırıb, qərarını verəcək. Məsələnin tezliklə həll olunacağını deyirlər. Söz veriblər ki, tezliklə Hasanın xidmətindən istifadə edə biləcəyik. Biz də gözləyirik. Batistanın uzun müddətə cəzalanmasından sonra mərakeşli hücumçunun oynaması bizə daha çox lazımdır”.

Qeyd edək ki, 1,82 metr boya malik Suari ötən mövsümü icarə əsasında Fransanın birinci divizion təmsilçisi “İstr” klubunda keçirib və 21 oyunda 7 qol vurub. Bu mövsümdən yenidən vətəninə qayıdan Hasan “Olimpik”ə (Huriqba) klubunda çıxış edib. O, cari çempionatda 7 dəfə fərqlənib. İki dəfə Mərakeş çempionu tituluna yiyələnən Suari milli komandasında 7 oyun keçirib. Suari “Bakı”da gürcü həmkarı Georgi Demetradzenin ilk dövrədə çıxış etdiyi 99 nömrəli formanı götürsə də, transfer vərəqi gəlmədiyi üçün, hələ ki adı oyunların protokoluna daxil edilməyib.
0