“Rəşad Sadıqov müdafiədə mükəmməl idi”
14.03.2009 - 15:02
“Rəşad Sadıqov müdafiədə mükəmməl idi”
Azərbaycanlı futbolçu Rəşad Sadıqov Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, “Kocaelispor” klubunda çıxış edən 27 yaşlı müdafiəçimiz Türkiyə Superliqasında “Fənərbaxça” klubu ilə “Şükrü Saracoğlu” stadionunda keçirilən oyunun (1:1) qəhrəmanlarından sayılır.

Türkiyəli həmkarlarımız autsayderin sensasion nəticəyə imza atmasında Sadıqovun əməyini xüsusi qeyd edir: “Müdafiədə Rəşad ilə Muhammed “Fənər”lilərə top göstərmədi. Rəşad arxa xətdə mükəmməl idi. 53-cü dəqiqədə Aleksin çarpazdan göndərdiyi topu Sadıqov başı ilə son anda çıxartmasaydı, top qapıya daxil olacaqdı”.

“Neftçi”də olduğu kimi, “Kocaelispor”da da Rəşadın komanda yoldaşı olan Levent Kartopun da bu heç-heçədə rolu az olmayıb: “Levent Mazova ilə birgə orta sahədə çox çalışqandır. “Kocaelispor” 20-ci dəqiqədə çox yaxşı qol imkanı əldə etdi. Levent cərimə meydançasında topu düzgün vura bilsəydi, hesab bərabərləşə, sonda isə komanda qalib gələ bilərdi. Klub rəhbərliyi qələbə üçün 500 min türk lirəsi vəd etmişdi. Fikrimizcə, qələbə qazanmasa da, “Kocaelispor” bu mükafata layiqdir”.
0