Berti Foqts: Mən belə şeyi ilk dəfə Azərbaycanda gördüm
16.03.2009 - 14:25
Berti Foqts: Mən belə şeyi ilk dəfə Azərbaycanda gördüm
“AFFA rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu qurum Azərbaycan futbolunun inkişafına çox yardım göstərir. Biz inkişaf üçün cavanlaşdırma siyasətini seçmişik. Premyer Liqadakı klubların məşqçiləri də bizimlə eyni fikirdədir. Mən görürəm ki, biz birlikdə yaxşı işləyirik, düzgün inkişaf yolundayıq”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın konfransında çıxış edən milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis nitqində bir sıra maraqlı məqamlara toxunub. Ölkəmizdə yaxşı futbolçuların olduğunu söyləyən Foqts çatışmayan cəhətlərə diqqət yönəldib: “Əsas çatışmayan cəhət sürətlə bağlıdır. İndi Avropada 1 futbolçu oyun ərzində 13-14 km qaçır, topu özündə demək olar, saxlamır. Topun futbolçuda bu qədər çox saxlanıldığını ilk dəfə Azərbaycanda gördüm. Həftədə 8 saat məşq etmək kifayət deyil. Artıq yığma üzvləri üçün həftədə məşq saatlarını 15-ə qaldırmışıq”.

Foqts Azərbaycanda uşaqların futbol dərslərinə gec başlamalarından da şikayətlənib: “Almaniyada 5 yaşlı uşaqlar arasında çempionat keçirilir. Amma burada uşaqlar futbola həddən artıq gec gəlirlər. Buna baxmayaraq, biz yeniyetmə və gənc futbolçulara üstünlük veririk. Sevindirici haldır ki, 17 yaşlı futbolçular əsas milli komandada 2 matça çıxıblar”.

Futbol akademiyasının inşası üçün də AFFA rəhbərliyinə təşəkkür edən Foqtsun növbəti sözləri isə heyrətlə qarşılanıb: “Akademiyanın açılması o demək deyil ki, Almaniya və Rusiyanı Bakıda məğlub edəcəyik. Futbol akademiyasında yaxşı oyunçu yetişdirmək üçün 10 il vaxt lazımdır”.

Baş məşqçi dünya çempionatının seçmə qrup oyunlarına ciddi hazırlaşdıqlarını nəzərə çatdırıb: “Bakıdakı bütün görüşlərimizdə qalib gəlmək istəyirik. Çalışırıq ki, bizimlə eyni qrupda yer alan Almaniya və Rusiya yığmaları burada öz oyunlarını göstərməyə çətinlik çəksinlər”.

63 yaşlı çalışdırıcı onu da bildirib ki, Azərbaycan futbolunu Avropa səviyyəsinə qaldırmaq üçün təxminən 5 ilə ehtiyac var: “Ümidvaram ki, gələcəkdə hər şey yaxşı olacaq. Yaxın 3, 4, 5 ildən sonra Avropa səviyyəsinə çata bilərik”.
0