İqor Ponomaryov: Komandaların çox oyun keçirməsi futbolumuzun xeyrinədir
16.03.2009 - 14:36
İqor Ponomaryov: Komandaların çox oyun keçirməsi futbolumuzun xeyrinədir
“Premyer Liqanın formatının yeni mövsümdə necə olacağı barədə düşünməmişəm. Bu səbəbdən yenilik haqda fikir yürütməkdə çətinlik çəkirəm. Amma bir şeyə əminəm ki, komandaların daha çox oyun keçirməsi futbolumuzun xeyrinə olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.

49 yaşlı mütəxəssis AFFA-nın bu gün keçirilən konfransında Premyer Liqanın formatının dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərarın müsbət addım olduğunu düşünür: “Özü də yarış iki mərhələdə keçirilirsə, bu, maraqlı, gərgin matçların da sayının artmasına səbəb olacaq. Belə ki, hər iki “altılıq”da təxminən bərabər səviyyəli komandalar mübarizə aparacağından onlar arasında baş tutacaq görüşlərin hər biri maraqlı idman şəraitində keçəcək. Belə gərgin oyunların çoxluğundan isə qazanan tərəf Azərbaycan futbolu olacaq”.

Gələn mövsümdən Premyer Liqanın birinci mərhələsində mübarizə aparacaq 12 komanda iki dövrəlik sistemlə münasibətlərini aydınlaşdıracaq. Sonrakı iki dövrədə isə iştirakçılar ayrı-ayrı “altılıq”larda yarışacaq ki, Ponomaryovun fikrincə, əvvəlki dövrələrdə toplanan xalların saxlanması düzgün variantdır: “Sözün düzü, ilk mərhələdə toplanılan xalların saxlanması, yoxsa silinməsinin və yaxud da “qızıl” xalların saxlanmasının hansının daha yaxşı olduğunu deyə bilmərəm. Bunun üçün yaxşı fikirləşmək lazımdır. Amma mənə elə gəlir ki, bu qərarı verənlər məsələni yaxşı ölçüb-biçiblər. Bu səbəbdən onların ən düzgün varianta üstünlük verdiyini düşünürəm”.

Birinci divizion təmsilçilərindən heç birinin Premyer Liqaya yüksəlməməsi ilə bağlı qəbul edilən qərar isə Ponomaryov üçün yenilik olmayıb: “Belə olacağını gözləyirdim. Çünki, birinci divizion təmsilçilərinin maliyyə vəziyyətlərinin ürəkaçan olmadığı haqda eşitmişdim”.

Qeyd edək ki, bu gün qəbul olunan qərara əsasən, Premyer Liqanı yalnız iki komanda – 13 və 14-cü yeri tutanlar tərk edəcək, amma onları heç bir klub yüksək liqada əvəzləməyəcək.
0