“Hans-Yurgen Gede diskotekada oynayanda, ona bir söz demədik ki...”
16.03.2009 - 15:06
“Hans-Yurgen Gede diskotekada oynayanda, ona bir söz demədik ki...”
“Neftçi” futbol klubunun prezidenti Əkbər Hacıyev AFFA-nın konfransından sonra jurnalistlər üçün brifinq keçirib. Apasport.az saytının məlumatına görə, Hacıyev media nümayəndələrinin suallarını cavablandırıb.

- Hans-Yurgen Gedenin “Neftçi”nin baş məşqçisi postundan qovulmasına səbəb nədir?
- Nəticələrdən razı qalmadıq. Onun işindən narazı idik. Halbuki, müqavilədə şərtlər tam başqa idi.

- Almaniyalı məşqçinin insani keyfiyyətlərinin yaxşı olmadığı bildirilirdi. Bəlkə buna görə onu istefaya göndərmisiniz?
- İnsani keyfiyyətlərini özü bilər. Narazılığımız sırf onun işindəndir. Mənə dəxli yoxdur, onun xasiyyəti necədir. Diskotekada oynayanda, ona bir söz demədik ki!? İşində düz olsaydı, indi də vəzifəsində qalardı.

- Müqavilənin müddəti vaxtından əvvəl pozulduğu üçün Gedeyə təzminat ödəyəcəksinizmi?
- Yox, təzminat ödəməyəcəyik. Qanuna əsasən, işdən çıxarılarkən, ona iki aylıq maaşı verilib.

- “Neftçi” rəhbərliyi Gedenin baş məşqçi postuna gətirilməsinin səhv olduğunu etiraf edir?
- Burada səhv nə ola bilər ki? O, baş məşqçi təyin edilib, işinin öhdəsindən gələ bilməyib və tutduğu vəzifədən azad olunub.

- Onun köməkçisi Rob Reekers də istefaya göndəriləcək?
- Yox. O, fəaliyyətini davam etdirir. Bizim internat məktəbimizdə uşaqları çalışdıracaq.

- “Neftçi”nin cari mövsümdə heç bir iddiası qalmayıb. Hədəfiniz dəyişib?
- Məqsədimiz çempionatı 5-ci və ya 6-cı yerdə başa vurmaqdır. Gələn mövsümə hazırlaşacağıq.

- Bəs növbəti çempionatda komandanın qarşısına hansı məqsəd qoyulacaq?
- Məqsəd nə olmalıdır? “Neftçi”nin məqsədi həmişə eyni olub da.

- Axı, son 4 ildə “Neftçi” çempion ola bilmir...
- Nə olsun ki? Onda çempionatdan çıxaq!?

- Bu uğursuzluğun qarşısını almaq üçün hansısa ciddi tədbir görməyi planlaşdırırsınızmı?
- Daha baş məşqçi dəyişikliyinə tez-tez əl atılmayacaq. Böyükağa Ağayev gələn il də “Neftçi”nin baş məşqçisi olacaq. Yayda komandaya başqa əcnəbi mütəxəssis gətirmək fikrimiz yoxdur.

- AFFA hər klubun öz stadionu olmasına çalışır. “Neftçi” bu tələbi yerinə yetirə biləcəkmi?
- Tofiq Bəhramov adına Respublika stadionundan çıxacağıq. Növbəti mövsümdən etibarən ev oyunlarımızı ancaq İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcəyik.

- Gedenin dövründə komandaya bir neçə legioner cəlb olunub. Onlarla bağlı hansı qərar veriləcək?
- Lazım olmayan transferlərin hamısını yayda geri göndərəcəyik. Əsas güc əvəzedici heyətdə forma geyinən yerli cavan uşaqlara veriləcək. Legionerlərə baxılacaq, kim bəyənilsə komandada qalacaq. Hansı legioner bizim qaydamıza uyğun deyilsə, “Neftçi”dən göndəriləcək.

- Legionerlərin səviyyəsi sizi qane edirmi?
- Xeyr. Legionerlərin səviyyəsi baş məşqçini qane etməlidir. Mövsümün sonunda baş məşqçimiz xarici futbolçularla bağlı yekun qərarını verəcək.
0