Qəhrəman Əliyev üçün ikinci nəfəs
16.03.2009 - 17:03
Qəhrəman Əliyev üçün ikinci nəfəs
“Turnir cədvəlində sonuncu yerdə olmağımıza baxmayaraq, mübarizəni axıradək davam etdirəcəyik. Fikrimcə, Premyer Liqada qalmağımız realdır. Çünki bu vəzifəni yerinə yetirməyə çalışan 4 komanda arasında xal fərqi o qədər çox deyil”. Bunu apasport.az saytına açıqlamasında MOİK-in baş məşqçisi Qəhrəman Əliyev deyib.

Ötən il Premyer Liqaya qayıdan “hərbçilər” yenidən birinci diviziona düşmək təhlükəsi ilə üzləşib. Elitada qalmaq uğrunda mübarizədə əsas rəqibləri “Turan” və “Muğan”a məğlubiyyət komandanın şanslarını azaltsa da, Əliyev “silahı əldən vermək” fikrində deyil: “Klub rəhbərliyi mənə inanmasaydı, bu günə kimi komandada qalmazdım. Ancaq elə faktorlar var ki, tək məşqçi amili rol oynamır. Heyətin çoxu təcrübəsiz futbolçulardan ibarətdir. Bəziləri ilk dəfədir Premyer Liqada çıxış edirlər. Komanda yaratmaq qısa müddətin işi deyil, bunun üçün vaxt lazımdır. İndiki vaxt bizə darlıq edir. Elə alınıb ki, bir mövsümdə iki vəzifəni – həm komanda yaratmalı, həm də Premyer Liqada yerimizi qorumalı oluruq. Hər halda, vicdanım təmizdir və mən bir mütəxəssis kimi, bacarığımı, təcrübəmi əsirgəmirəm. Komandamız bacardığı qədər oynayır”.

AFFA-nın bugünkü konfransında çıxarılan qərarla Premyer Liqanın formatı yeni mövsüm üçün dəyişdirilib. Belə ki, 12-ci yeri tutan komanda birinci diviziona düşməyərək, yerini qoruyacaq. Mövsümü 13 və 14-cü yerdə başa vuranlar avtomatik aşağı dəstəyə düşəcək: “AFFA-nın bu qərarını çox düzgündür və onu dəstəkləyirəm. Bu qərardan istifadə etmək lazımdır. Təslim olmaq fikrimiz yoxdur, sona qədər döyüşəcəyik. Artıq biz iki pillə - 11 və 12-ci yer uğrunda mübarizə aparacağıq. 4 komandanın hamısı mübarizəni sonadək davam etdirəcək. Ola bilsin ki, son məğlubiyyətlər futbolçularımızı həvəsdən salmışdı. İndi onların böyük motivasiyası olacaq. Məni isə məğlubiyyətlər ruhdan salmamışdı. AFFA-nın bu qərarından sonra sanki ikinci nəfəsimiz açıldı, bizə ikiqat ümid verildi. İndiyə kimi Premyer Liqada qalmaq şansımız 50 faiz idisə, qərardan sonra 80 faizə yüksəlib. Formatın dəyişdirilməsi həm mənə, həm də futbolçularımıza əlavə güc verəcək və qalan 8 turdakı oyunlarımıza ciddi hazırlaşacağıq”.

Qeyd edək ki, hesabında 5 xal olan MOİK 11-ci yerdə gedən “Muğan”dan 6 xal geri qalır.
0