Rauf Əliyev: Görülən işlər qısa vaxt ərzində bəhrəsini verəcək
16.03.2009 - 18:35
Rauf Əliyev: Görülən işlər qısa vaxt ərzində bəhrəsini verəcək
“Son bir ildə AFFA rəhbərliyi tərəfindən futbolumuzun inkişafı üçün görülən işlərə nəzər salanda böyük bir canlanmanın şahidi oluruq. Çünki respublika prezidenti İlham Əliyev tərəfindən imzalanmış futbolun inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirildiyindən çoxsaylı layihələr reallığa çevrilib”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.

Assosiasiyanın son bir ildə gördüyü işi dəyərləndirən Əliyev AFFA-nın saytına bildirib ki, görülən işlər qısa vaxt ərzində bəhrəsini verəcək: “Uşaq futbolunun inkişafı, istedadlı uşaqların üzə çıxarılaraq onlara lazımi şəraitin yaradılması üçün seleksiya işlərinin gücləndirilməsi, futbolun kütləviliyinin genişləndirilməsi məqsədilə respublikamızın ayrı-ayrı bölgələrində müxtəlif tədbirlərin keçirilməsi, süni örtüklü meydançaların salınması və yığma komandaların təlim-məşq toplanışlarının lazımi səviyyədə keçirilməsi üçün hərtərəfli şəraitin yaradılması artıq öz müsbət bəhrəsini verməkdədir. Məhz bunun nəticəsidir ki, uşaqlar arasında futbola olan maraq xeyli artıb, klubların nəzdində və bölgələrdə müxtəlif yaş qruplarından ibarət komandalar yaranıb. Ölkə futbolunun inkişafı məqsədilə hər bir məsələ AFFA-nın Konfransının və İcraiyyə Komitəsinin iclaslarında geniş müzakirə olunduqdan sonra qərarların səs çoxluğu ilə qəbul olunması da təqdirəlayiqdir. Bu mənada tam qətiyyətlə deyə bilərəm ki, bu gün görülən işlərin qısa vaxt ərzində bəhrəsini görəcək və futbolumuzun necə böyük sürətlə inkişaf etdiyinin canlı şahidi olacağıq”.
0