Elşad Nəsirov: Futbolumuzun inkişafının möhkəm təməli qoyulub
16.03.2009 - 18:42
Elşad Nəsirov: Futbolumuzun inkişafının möhkəm təməli qoyulub
“AFFA rəhbərliyinin ötən bir il ərzində gördüyü işləri futbolumuzun inkişafı baxımından təqdirəlayiq hesab edirəm. Konkret olaraq, milli komandalara yaradılan şəraitə diqqət yetirsək, bunun bir daha canlı şahidinə çevrilərik”. Apasport.az saytının məlumatına görə bu sözləri AFFA-nın İcraiyyə Komitəsinin üzvü, assosiasiyanın vitse-prezidenti Elşad Nəsirov deyib.

Qurumun son bir ildəki fəaliyyəti ilə bağlı fikirlərini AFFA-nın rəsmi saytına açıqlayan Nəsirov ölkə futbolundakı inkişafın göz qabağında olduğunu bildirib: “Kateqoriyasından və yaşından asılı olmayaraq, bütün milli yığmaların təlim-məşq toplanışlarının yüksək səviyyədə keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Yoldaşlıq oyunları mütəmadi təşkil olunub, futbolçular tibbi müayinədən keçirilib. Ötən dövr ərzində respublikamızda bir sıra beynəlxalq yarışlar keçirilib, FİFA və UEFA-nın köməkliyi ilə futbolumuzun inkişafı naminə böyük layihələr həyata keçirilib, ölkəmizdə ilk dəfə olaraq, Futbol akademiyası tikilib. Uşaq futboluna qayğı, veteran futbolçulara diqqət artırılıb. Bir sözlə, futbolumuzun inkişafı naminə möhkəm təməl qoyulub”.
0