Hafiz Məmmədov: AFFA-nın hər bir qərarı futbolumuzun inkişafına istiqamətlənir
16.03.2009 - 18:49
Hafiz Məmmədov: AFFA-nın hər bir qərarı futbolumuzun inkişafına istiqamətlənir
“Ölkəmizdə futbolun inkişafı naminə son bir ildə həyata keçirilən tədbirləri yüksək qiymətləndirirəm. Bunu AFFA rəhbərliyinin dövlət başçısı cənab İlham Əliyevin imzaladığı futbolun inkişafına dair Dövlət Proqramına əməli işinin məntiqi nəticəsi kimi dəyərləndirirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

AFFA-nın İcraiyyə Komitəsində təmsil olunan Məmmədov assosiasiyanın rəsmi saytına açıqlamasında bildirib ki, futbolumuzun mövcud problemlərinin aradan qaldırılması üçün İcraiyyə Komitəsinin iclaslarının və AFFA prezidenti ilə klub rəhbərlərinin mütəmadi surətdə görüşlərinin keçirilməsi, geniş müzakirələrin aparılması fundamental qərarların qəbul olunmasına geniş zəmin yaradır: “Məhz bu səbəbdən də AFFA rəhbərliyi tərəfindən qəbul olunan hər bir qərar futbolumuzun inkişafına istiqamətlənir. Uşaq futbolu ilə bağlı assosiasiyanın gördüyü işləri və ölkəmizdə ilk dəfə olaraq Futbol akademiyasının açılmasını hesabat dövrü ərzində həyata keçirilən ən mühüm tədbirlərdən biri hesab edirəm. Biz bunu əsas götürərək klubumuzun bazasının tikintisinə başlamaqla, uşaq futbolunun inkişafına xüsusi diqqətlə yanaşırıq”.
0