Nazir müavini AFFA-nın fəaliyyətinə qiymət verdi
16.03.2009 - 18:58
Nazir müavini AFFA-nın fəaliyyətinə qiymət verdi
“İcraiyyə Komitəsinin üzvü kimi, AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətini yüksək qiymətləndirirəm. Xüsusilə də, uşaq futbolunun inkişafı məqsədilə AFFA və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi tədbirləri qeyd etmək istərdim”. Apasport.az saytının məlumatına görə bu sözləri AFFA-nın İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov deyib.

Qurumun son bir ildəki fəaliyyəti ilə bağlı fikirlərini AFFA-nın rəsmi saytına açıqlayan Qasımov nazirlik və assosiasiyanın birgə fəaliyyətindən razı qaldığını bildirib: “Açılış mərasimində AFFA prezidenti Rövnəq Abdullayevlə təhsil naziri Misir Mərdanovun iştirak etdiyi “Vətən” Uşaq Futbol Məktəbinin Bakının Binəqədi rayonu ərazisində tikilib istifadəyə verilməsi bu istiqamətdə görülən səmərəli işlərin nəticəsidir. Ölkəmizdə ilk dəfə olaraq, tələbələr arasında I Respublika çempionatının keçirilməsi, bu yarışın qalibinin tələbələr arasında Avropa çempionatında iştirakı sevindirici məqamlardır. Artıq Bakının Xətai, Səbail və Nərimanov rayonlarındakı orta ümumtəhsil məktəblərində futbol dərslərinin keçilməsi, 40-a yaxın idman məktəbində futbol bölməsinin fəaliyyətə başlaması, AFFA ilə Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimləri üçün futbola həsr olunmuş seminarların təşkil edilməsi futbolun inkişafı naminə atılmış vacib addımlardır. Sözsüz ki, sadalanan tədbirlər daha geniş və əhatəli şəkildə gələcəkdə də davam etdiriləcək və futbolumuzdakı qələbələr bir-birini əvəz edəcək”.
0