Futbol tarixinə düşən qadın
16.03.2009 - 19:09
Futbol tarixinə düşən qadın
Macarıstanlı qadın hakim Katalin Kulçsar futbol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, o, oyunun final fitinin ardından 5 qırmızı vərəqə göstərməklə məşhurlaşıb.

Kulçsar Macarıstan çempionatının 3-cü liqasında keçirilən “Badacsonitomaj” - “Selldömök” matçında qəzəblənib. Qarşılaşma başa çatdıqdan sonra 1:2 hesabı ilə məğlub olan “Selldömök” klubunun 3 futbolçusu, baş məşqçisi və məşqçisini qırmızı vərəqə ilə cəzalandırıb. Buna həmin şəxslərin hakimə etiraz bildirmələri səbəb olub.

“Selldömök” komandasının prezidenti üzləşdikləri hadisənin təfərrüatlarından danışıb: “Hakim bizim 3 qolumuzu hesaba almadı. Məğlub olduğumuz oyunun ardından məşqçilərimiz və futbolçularımız ona yaxınlaşaraq, “nəyə görə qollarımızı saymadın” deyə soruşublar və hakim çılğıncasına klubumuzun üzvlərinə qırmızı vərəqə göstərib”.

“Selldömök”un baş məşqçisi İstvan Balhasi isə bunları deyib: “Belə çıxır ki, mən də daxil olmaqla, macar futbolunda çalışanların hamısı dəlidir”. O, oyunun videoyazısını Macarıstan Futbol Federasiyasına göndərərək, Kulçsarın fitinin divardan asılmasını, yəni hakimlikdən uzaqlaşdırılmasını istəyəcəklərini söyləyib.
0