Azərbaycan milli komandası toplanışa üç oyunçusu olmadan başladı
17.03.2009 - 10:35
Azərbaycan milli komandası toplanışa üç oyunçusu olmadan başladı
Azərbaycan milli komandası Rusiya ilə martın 28-də keçirəcəyi oyuna 3 aparıcı futbolçusu olmadan hazırlaşır. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə görüşünə hazırlıq xarakteri daşıyan növbəti toplanışın ilk günündə yığmamız 23 futbolçu ilə hazırlıq keçib.

Komandanın baş məşqçisi Berti Foqtsun düşərgəyə dəvət etdiyi oyunçulardan Kamran Ağayev, Branimir Subaşiç və Rəşad Sadıqov hazırlıqlara qatılmayıb. Hər üç futbolçunun toplanışda iştirak etməyəcəyi əvvəldən gözlənilən idi. Ağayev zədə üzündən yığmadan kənar qalıbsa, legioner həyatı yaşayan digər iki futbolçu klublarına bağlı olduqlarından məşqlərə qatılmayıb. Belə ki, Rəşad yığmanın düşərgəsinə baş çəkərək, Berti Foqtsdan icazə alaraq Türkiyənin “Kocaelispor” klubuna qayıdıb. Serbiyanın “Srvena Zvezda” komandasının oyunçusu olan, lakin transferə çıxarılan Branimir isə hələ də yeni klub axtarışındadır.

Qeyd edək ki, Azərbaycan yığmasının hazırlığını izləyən Rusiya mətbuatı Bakıda yağan yağışın komandanın məşq prosesinə təsir etdiyini vurğulayıb. Həmkarlarımız Tofiq Bəhramov adına Respublika stadionunda məşq etməyin mümkün olmadığını və millinin şəhərdən kənarda məskunlaşdığını qeyd edir. Hərçənd, paytaxt ətrafında – Binə qəsəbəsində məskunlaşan yığmamız heç də Bakını tərk etməyib. Komandamızın Respublika stadionunda hazırlaşmamağına isə yağış yox, matçın “Lujniki” stadionunun süni örtüklü meydanında keçirilməsidir. Bu səbəbdən Foqtsun yetirmələri hər gün saat 10:00 və 16:00-da süni örtüklü “Şəfa” stadionunda məşq keçir.
0