“Rusiya ilə görüşdə milli komandaya kömək etmək istəyirəm”
17.03.2009 - 13:51
“Rusiya ilə görüşdə milli komandaya kömək etmək istəyirəm”
“Uzun fasilədən sonra milli komandamızın düşərgəsində yer aldım. Yaxşılığa doğru dəyişiklərin baş verdiyinin şahidi oldum”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının yarımmüdafiəçisi İlqar Qurbanov deyib.

Türkiyənin Bank Asiya Liqasında çıxış edən “Boluspor” klubunun 23 yaşlı futbolçusu doqquz aylıq fasilədən sonra yığmaya cəlb olunub. Alman baş məşqçi Berti Foqtsun debüt matçlarında çağırdığı İlqarı yalnız Andorra ilə yoldaşlıq görüşündə sonradan meydana buraxıb və onu bir daha dəvət etməyib. Yığmanın sıralarına qayıtdığı üçün sevinən Qurbanovun sözlərinə görə, futbolçulara münasibət dəyişilib: “Milli komandamızda şərait xeyli yaxşılaşıb. Təşkilatçılıq, peşəkarlıq səviyyəsinin yüksəldiyini gördüm. Artıq yığmamız üçün yeni avtobus alınıb. Futbolçuları geyimlər, idman ləvazimatları ilə lazımınca təmin edirlər. Bütün bunlar çox təqdirəlayiqdir. Futbolçulara hörmət, diqqət, qayğı artırılıb. Foqtsla klub karyeramla bağlı söhbətim olmayıb. Onun rəhbərliyi altında məşqlərdə var gücümlə çalışıram. Foqts daha çox fiziki hazırlığa diqqət yetirir”.

Milli komandamız martın 28-də Rusiya yığması ilə Moskvada rəsmi oyuna çıxacaq. İlqar həmin görüşə də dəvət olunmasını gözləyir: “Düzdür, həmin gün çempionatda oyunumuz var. Ancaq bu, yığmaya gəlişimə problem yaratmayacaq. Klubum yığmanın rəsmi oyununa görə məni buraxacaq. Milliyə gəlişim üçün dəvət olunmalıyam. İnanıram ki, Rusiya ilə oyuna da çağırılacağam. Moskvadakı görüşdə iştirak edib, yığmamıza kömək etmək istəyirəm”.
0