Rusiya yığması Azərbaycanla oyun öncəsi problemlə üzləşib
17.03.2009 - 15:33
Rusiya yığması Azərbaycanla oyun öncəsi problemlə üzləşib
Martın 28-də Azərbaycan milli komandasını qəbul edəcək Rusiya yığması ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, rusların əsas qol ümidi Roman Pavlyuçenko şərəfini qoruduğu “Tottenhem” klubunun əvəzedici komandasına göndərilib. Bu qərarı verən London təmsilçisinin baş məşqçisi Harri Rednapp 27 yaşlı hücumçunu nə “Sanderlend”, nə də “Aston Villa” klubları ilə görüşdə oynadıb. “Tottenhem”in əvəzedicilərinin “Çelsi” ilə oyununa sifariş edilən Pavlyuçenko 90 dəqiqə meydanda olub. Artıq xeyli vaxtdır qol vurmayan Roman komandasının böyük hesabla qələbə (4:0) qazandığı görüşdə də fərqlənə bilməyib.

Pavlyuçenko hazırda Madrid “Real”ını çalışdıran ispan mütəxəssis Xuande Ramos “Tottenhem”ə rəhbərliyi dövründə transfer olunub. İngilislər ötən yay hücumçuya görə onun çıxış etdiyi Moskva “Spartak”ına 14 milyon funt sterlinq ödəyib. Rednapp baş məşqçi təyin olunandan sonra hücumçular Robbi Kinlə Cermen Defonu “Tottenhem”ə qaytarıb və bununla da Roman kölgəyə düşüb. Onun hazırkı klubunda gələcək taleyi gündən-günə daha dumanlı görünür. “Tottenhem”in Premyer Liqada oyununa görə Rusiya yığmasının ötən ay Türkiyədəki təlim-məşq toplanışına qatılmayan Pavlyuçenko milli komandamızla görüşə çağırılsa da, oyun praktikası sarıdan ciddi korluq çəkir.
0