Tovuzda latviyalı futbolçular üçün taksi
17.03.2009 - 17:50
Tovuzda latviyalı futbolçular üçün taksi
“İnter”in iki yarımmüdafiəçisi - Andrey Rubinlə Vladimir Kolesniçenko Latviya yığmasına çağırılıb. Bu haqda apasport.az saytına məlumat verən komandanın ukraynalı baş məşqçisi Valentin Xodukin bildirib ki, Rubinlə Kolesniçenko Lüksemburqla rəsmi matçlarda iştirak edəcək: “Rubindən fərqli, Kolesniçenko ötən ay Ermənistanla Kiprdə keçirilən yoldaşlıq görüşünə dəvət olunmamışdı. Əslində, Andrey kimi Vladimir də milli komandaya mütəmadi çağırılır. Sadəcə, həmin vaxt Kolesniçenko klub karyerasına aydınlıq gətirməli olduğu üçün, yığmaya cəlb olunmamağını xahiş etmişdi. Latviya millisi martın 28-də qonağı olacağı Lüksemburqu aprelin 1-də qəbul edəcək”.

“İnter” yığmaların oyunları ilə əlaqədar Premyer Liqada yaranacaq fasilə ərəfəsində XIX turda “Turan”ın qonağı olacaq. Xodukinin sözlərinə görə, latviyalılar martın 21-də Tovuzda keçiriləcək görüşdən dərhal sonra səfərə çıxacaqlar: “Turan”la oyunumuz saat 15:00-da başlayacaq. Rubinlə Kolesniçenkonun həmin gün gecə reysilə vətənlərinə yollanmalıdır. Onlar artıq bilet alıblar və həmin reysə özlərini çatdırmalıdırlar. Buna görə də onlar komandadan ayrı paytaxta qayıdacaqlar. Futbolçularımızın Tovuzdan Bakıya tez gəlməsi üçün taksi sifariş olunub”.

Qeyd edək ki, Rubin ötən yay, Kolesniçenko qış fasiləsində “İnter”ə keçib. Vladimir yığmada komandamızın üzvü kimi ilk dəfə təmsil olunacaq.
0