AFFA-nın Hakimlər Komitəsinin sədri məhkəməyə verildi
17.03.2009 - 18:33
AFFA-nın Hakimlər Komitəsinin sədri məhkəməyə verildi
Hakimlikdən kənarlaşdırılan Babək Quliyev AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovu məhkəməyə verib. Bu haqda apasport.az saytına Quliyevin özü məlumat verib. Onun sözlərinə görə, martın 19-da məhkəmə prosesi olacaq: “Xaqani Məmmədov haqqımda qanunsuz qərar qəbul etdiyi üçün Xətai Rayon Məhkəməsinə müraciət etmişəm. Özümə vəkil də tutmuşam. Məhkəmə prosesinə jurnalistləri də dəvət etmək fikrim var”.

Quliyev bildirib ki, Xaqani Məmmədovla bağlı AFFA rəhbərliyinə də rəsmi müraciət edib. O, HK sədri barədə iki quruma şikayət edib: “Xaqani çıxardığı qərarı mənə vermir. Mən də baş katib Elxan Məmmədovun adına məktub yazdım. Hüquqi işlərdə yardımçım olan vəkilin məsləhəti ilə AFFA-ya sorğu göndərmişəm. İstəyimiz odur ki, hakimlikdən kənarlaşdırılmağım haqda çıxarılan qərarın bir nüsxəsini bizə versinlər. Hər halda, buna ixtiyarım çatır. Məmmədov isə qərarın nüsxəsini verməkdən boyun qaçırır. Həmin qərar bizə verilməsə belə, artıq Xaqanini məhkəməyə vermişəm. Bu məsələyə məhkəmədə baxılmalıdır və sonadək gedib, günahsız olduğumu sübuta yetirəcəyəm. Mən əmin oldum ki, AFFA prezidenti Rövnəq Abdullayevi aldadırlar”.

Qeyd edək ki, Babək Quliyevlə yanaşı, futzal üzrə 33 yaşlı FİFA referisi Anar Niyazov da hakimlikdən kənarlaşdırılıb.
0